Azərbaycan məktəblərində ev tapşırıqları ləğv edilir?

Polşada ibtidai və orta məktəb şagirdləri üçün məcburi ev tapşırığı ləğv edilib. 1-3-cü sinif şagirdləri incə motor bacarıqlarının inkişafı üçün tapşırıqlar istisna olmaqla, ev tapşırığından azad edilir, 4-8-ci siniflər üçün isə ev tapşırığı artıq məcburi deyil və qiymət verilmir. Məlumata görə, məktəblilər üçün ev tapşırığı ilə bağlı yeni qaydalar şagirdlərin xüsusilə həftə sonu ev tapşırıqları kontekstində şikayəti ilə əlaqədar olaraq qəbul edilib.

Bəs eyni qərar Azərbaycanda verilə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, təhsil sahəsində islahat proqramlarının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir.

Onun sözlərinə görə, bu, bir çox hallarda mümkün olmur:

“Bunun əsas səbəbi təhsil alanların hədsiz dərəcədə yüklənməsidir. Tədris proqramında müvafiq elm sahəsinin nailiyyətləri şagirdlərin yaş, qavrama səviyyəsinə uyğun öz əksini tapmalıdır. Lakin bu, heç də dərslikləri nəzəri məlumatlarla yükləməyə əsas vermir. O elmi materiallar faydalı hesab olunur ki, bunlar bilavasitə şagirdlərdə idraki bacarıqların, xüsusilə də tətbiqi bacarıqların formalaşmasına xidmət edir. Xüsusilə, heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi onlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özü özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır”.

Ekspert dərsliklərin çətin olduğunu qeyd edib:

“Təəssüflər olsun ki, hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq boş vaxtlarını doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər. Etiraf edim ki, ibtidai siniflərdə dərs proqramı əvvəlki illərdə olduğu kimi ağırdır. Üstəlik müəllimlərin uşaqları sinifdənxaric oxu materialları ilə yükləməsi onları həddindən artıq yorur. Dərsliklər, əlavə oxu materialları və iş dəftərləri uşaqların beynini yormaqla yanaşı, çantanın ağırlığı onurğa sütunlarını da zədələyir. Hətta valideynlər də ağır çantaları daşımaqda çətinlik çəkirlər”.

K.Əsədov deyib ki, beynəlxalq təhsil sistemində yaş kriteriyasına görə standart düstur var:

“Dərsliklər hazırlanarkən 1 paraqrafda və 1 səhifədə yer alacaq söz, termin, şəkil və çalışmanın sayı uşağın yaşına uyğun götürülür. Bizdə bu düstur kobud şəkildə pozulub. İbtidai siniflərin tədris proqramı şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun gəlmir. Məsələn, 1 paraqrafda olan sözlərin, ifadələrin, şəkillərin sayı 6-7 yaşlı uşaqlar üçün deyil. Bizdə 6-7 yaşında uşaqlar üçün nəzərdə tutulmuş kitabın həcmi və oradakı informasiya yükü beynəlxalq standartlarda 16-17 yaşlılar üçün nəzərdə tutulub. Ən ciddi pozuntu 3 və 4-cü siniflər üçün yazılan kitablardır. 8-9 yaşlılar üçün nəzərdə tutulmuş kitablardakı informasiya yükü beynəlxalq standartlara görə 24-25 yaşlılar üçündür. 4 və 5-ci siniflərdəkilərin informasiya yükü, çalışmaların sayı və ağırlıq səviyyəsi şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil. Bu 1 həftə ərzində I sinif kitablarını analiz etmişəm və gəldiyim qənaət budur – belə ibtidai sinif kitabı olmaz! Biz bu kitablarla heç vaxt şəxsiyyət yetişdirə bilmərik. Kitablar Təhsil Nazirliyinin sifarişilə hazırlanır. Nəşriyyatları və dərslik müəlliflərini yığıb tender elan edilir. Hərə öz kitabını yazır. Hətta ən pis kitab tenderdən keçir. Nazirlik sadəcə seçir. Əslində, bütün dünyada olduğu kimi özlərinin dərslik mərkəzi olmalıdır. 2 aya yazılan dərslik əlbəttə keyfiyyətli olmayacaq. Düşünürəm ki, beynəlxalq standartların Azərbaycanda reallaşması artıq mümkün deyil”.

Təhsil ekspertinin fikrincə, orta məktəbin funksiyası şəxsiyyət yetişdirmək olsa da, verilən kitabların heç biri şəxsiyyət yetişdirmir: 

“Mənasız informasiya yükü şagirdin yaş xüsusiyyətinə uyğun deyil. Ev tapşırıqları həddindən artıq çoxdur. Əlbəttə ki, dərs yükü çox olduqda onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Mənəvi ehtiyaclarını ödəyə bilməyən uşaqlara isə dərs cəlbedici gəlmir, sadəcə, əzbərçilik edirlər”.

Zaira Akifqızı

Globalinfo.az