Bozqurdla bağlı 1984-cü ildə Azərbaycanda nə baş vermişdi? – İnanılmaz

Polish 20240712 215718770

Futbol üzrə Avropa Çempionatında Türkiyə millisinin oyunçusu Merih Demiralın rəqib qapıya qol vurduqdan sonra “Bozqurd” işarəsi göstərməsi hələ də müzakirə edilir. 

Mövzu Azərbaycan mediasında başqa yön alıb. Deyilir ki, “Bozqurd” işarəsi 1992-ci ilin may ayının 3-də Azadlıq meydanında ortaya çıxıb. Hətta həmin vaxt Bakıda səfərdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) mərhum qurucusu Alparslan Türkeşin bu işarəni ilk dəfə Azadlıq meydanındakı mitinqdə gördüyü bildirilir. Belə ki, AXC-nin mərhum sədri Əbülfəz Elçibəy və digər azərbaycanlı siyasətçilər meydanın tribunasından “Bozqurd” işarəsi göstəriblər. Ondan sonra Alparslan Türkeş bunun nə məna verdiyini bilib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda “Bozqurd” mövzusu 40 il bundan əvvəl gündəmə gəlib. Deyilənə görə, şair Rüstəm Behrudi bu haqda 1984-cü ildə məşhur “Bozqurd” şeiri yazıb.

Məsələ ilə bağlı R.Behrudi ilə əlaqə saxladıq. O, “Bozqurd” şeirini yazanda çoxunun lağ etdiyini bildirib:

“İndi Xalq şairi olan bəzi adamlar, bir sıra məşhur şairlər mənə o şeirə görə irad bildirmişdilər. Deyirdilər ki, adam da heyvana şeir yazar?! Sonra həmin şairlərin özləri də Bozqurd mövzusunda şeirlər yazdılar. Mən o şeiri doğrudan da 1980-ci illərdə yazmışam. Azərbaycanın çox böyük alimi Mirəli Seyidov yazmışdı ki, Rüstəm Behrudi 20-ci əsrdə doğulmasaydı, türkçülük və turançılıq ideyası sönüb gedəcəkdi. Hətta söyləmişdi ki, Rüstəmin şeiri ilə türkçülük və Turançılıq ideyası yeni həyat qazandı. Mənim haqqımda “Rüstəm Behrudinin özü haqqında bilmədikləri” kitabı da çap olunmuşdu. Mən bunları orda oxumuşdum”.

Şair bir neçə kitabında Bozqurdla bağlı yazdığını qeyd edib:

“Etiraf edim ki, Bozqurdla bağlı şeiri nə üçün və nə cür yazdığımı xatırlamıram. Bu, tək Bozqurdla bağlı deyil, başqa yazdıqlarımı da xatırlamıram. Çünki üzərindən 40 il keçib. Bozqurd türk düşüncəsini ayaqda saxlayan, türk etnosunu millət edən, onu gələcəyə aparan bir simvoldur. Hələ 1923-cü ildə türkiyəli kommunist jurnalist Rusiyada Lenindən soruşur ki, sosialist inqilabı Türkiyədə nə zaman baş verəcək? O da çox hiyləgər bir cavab verir. Deyir ki, nə vaxt türk millətinin ruhundan Bozqurd əfsanəsi çıxacaq, onda orada inqilab baş verə bilər. Görün, Bozqurd düşüncəsi nə qədər müqəddəsdir. Hətta böyük inqilabın qarşısını alır. Türk xalqlarını bir araya gətirən simvoldur, düşüncədir”.

Rüstəm Behrudinin “Bozqurd” şeirini təqdim edirik:

Şair yuxusuna gül-çiçək girər,

Yenər yuxusuna göydən mələklər.

Yuxumda nə gördüm?!

Onun əlindən.

Nə çəkdim…

İlahi! Bilməyəcəklər.

Hər gecə, hər gecə yuxularımda

Çadırı dağılmış, ocağı sönmüş,

Tanrı qarğışıyla taleyi dönmüş,

Taleyi dönəndən qəm sərhəddinin

Bir ucu günbatan, biri gündoğan –

Dağından, daşından, adamlarından,

Hətta otundan da qəriblik yağan;

Qara torpağına nə toxum əksən,

Yenə də baharda ayrılıq bitən

Bölünə-bölünə yox olub itən –

Sevgili bir yurd.

Sevgili bir yurd –

Hər gecə, hər gecə yuxularımda.

Hər gecə, hər gecə yuxularımda

Bu yurdla yanaşı, bu yurd boyunca

Ulaya-ulaya dolaşıb gəzən,

Obu, Yeniseyi, İtili keçib

Altaytək, Ağrıtək dağ aşıb gəzən

Üzü mavi,

Gözü göydən daha mavi,

Ağzı atəş kimi bir qurd.

Ağzı atəş kimi bir qurd –

Hər gecə, hər gecə yuxularımda.

Üstümə qəm gələr əjdahalartək,

Yuxumda bir ağız qurd ular, keçər.

Nədənsə həmişə yuxularımdan

Önündə qurd duran ordular keçər.

İndi gizli gəlir yuxuma bir vaxt

Ulaşa-ulaşa ordular basan.

Uluslar, “Bay göllər”, Göyçələr səni

Məndən soruşurlar, Bozqurd, hardasan?!

Gəl, mavi işıqtək ələn başımdan,

Gəl, çıx uğuruma qaba ağactək.

Məni bu yuxudan alıb getməyə

Qaraquş oyunlu boz atlar gərək.

Məni bu yuxudan alıb getməyə

Qaraquş oyunlu boz atlar üstə

Gözündən od yağan övladlar gərək.

Eşidirsinizmi?! –

Qara qazlıq atların

Kişnərtisi gəlir misralarımdan.

Nə olsun səsimə yox qulaq asan?

Dalınca getməyə hazır durmuşam,

Səni gözləyirəm Bozqurd, hardasan?!

Hər gecə, hər gecə yuxularımda,

Üzü mavi,

Gözü göydən daha mavi,

Ağzı atəş kimi bir qurd

Və sevgili bir yurd –

Hər gecə, hər gecə yuxularımda

Şair yuxusuna gül-çiçək girər,

Yenər yuxusuna göydən mələklər.

Yuxumda nə gördüm, Onun ucundan.

İlahi, nə çəkdim…

Bilməyəcəklər.

Zaira Akifqızı

Globalinfo.az