Böyük prosesin son mərhələsi: Müharibə bitir – Azərbaycan ssenarisi işə düşüb

Moskvada XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyanın “sülh sazişi” layihəsi üzrə danışıqlarının növbəti raundu keçirildi. Cənubi Qafqaz sülhə hazırlanır, yoxsa gördüklərimiz imitasiyadır? Bu uzanan danışıqlar enində-sonunda sülh sazişinin imzalanması ilə yekunlaşacaqmı?

Bunlar əsla ritorik suallar deyil. Çünki ortada tutarlı arqumentlər var. Deyilir ki, Rusiya, Fransa, İran sülhün əldə edilməsinə qarşı çıxırlar. İmkan vermirlər ki, iki ölkə arasında sülh sazişi imzalansın.

Fransa və İranın bu məsələdə sinxron fəaliyyət göstərdiyi məlumdur. Bu bölgədə rəsmi Parislə Tehranın eyni hədəflərə oynadığı məlumdur. Bu, indinin işi deyil. Fransa 44 il öncə İranda baş verən inqilabın baş memarlarındandır. Bu inqilabın ssenarisi orda yazılıb. Mövzumuz bu olmadığından, üzərində çox dayanmağı lazım bilmirik.

Rusiyaya gəlincə… Onun rəftarı bir qədər fərqlidir. Moskvanın Qarabağ məsələsində tutduğu mövqe geniş baxış bucağından yanaşdıqda qaneedicidir. Düzdür, Kremlin Qarabağ siyasəti tam filtrdən keçməyib, kirliliyini saxlayır. Amma ənənəvi yanaşmadan xeyli uzaqlaşıb. Bu da onun bizə olan sevgisindən qaynaqlanmır, öz maraqlarına görə buna gedir. Rusiya konfliktin özünə sərf edən formada həllini istəyir. Prosesi uzadan, qəlizləşdirən də budur.

Moskva çalışır ki, prosesə dominantlıq etsin. Danışıqlar onun moderatorluğunda aparılsın, dirijor özü olsun. Nə qədər zəifləsə də, Rusiya Güney Qafqazda ciddi təsir imkanlarını saxlayır. Əsrlərdir bu bölgədə hər şey onun nəzarətində aparılır, burdan əl-ayağını çəksə, əlverişsiz durumla üzləşər. Söhbət təkcə hərbi-siyasi üstünlükdən getmir. Rusiya zatən burda o üstünlüyünü qoruyur. Xəzər dənizində donanması, Ermənistanda hərbi bazaları var. Cənubi Qafqaz Rusiyanın ovcunun içindədir. Rusiyanın bu məsələdə rəqibi, alternativi yoxdur. İstədiyi vaxt ordusunu istədiyi Qafqaz ölkəsinə sürə bilər, ortalığı qarışdırar. Amma Rusiya Güney Qafqazla bağlı bu ənənəvi taktikadan imtina edib. Azərbaycanın yürütdüyü balanslı, ağıllı siyasət Moskvanı bu bölgədə davranışına ciddi korrektələr, redaktələr etməyə məcbur qoyub. Putin ağıllı adamdır, hesablamağı bacaran siyasətçidir. O başa düşdü ki, Ukrayna ilə savaşdığı kimi Azərbaycanla, Gürcüstanla, Ermənistanla savaşsa, böyük hesabla uduzar. Və bu situasiyada Qərb, onun hərbi qolu olan NATO, hətta İran bölgədə təşəbbüsü ələ alar. Rusiyanın hərbi-siyasi aqressiyası fonunda Qərbin necə bir xilaskar obrazında göründüyü Ukrayna savaşında tam çılpaqlığı ilə üzə çıxdı. Ona görə də Putin bunu hesabladı və Cənubi Qafqaz siyasətinə əl gəzdirdi, ona yenidən baxdı.

Azərbaycanın liderliyində bu bölgə böyük perspektiv vəd edir. Meqalayihələr hazırlanıb. Tarixi İpək Yolunun bərpası, Zəngəzur dəhlizi, Azərbaycanın və Güney Qafqazın önəmini artırıb. Çinlə qonşu oluruq… “Bir kəmər, bir yol” layihəsinin önəmli hissəsi, qovşaq yeri Azərbaycandan – işğaldan azad edilmiş ərazilərdən keçir. Rusiya bunun fərqindədir. Tələsir. Yetəri qədər təmkinli oynamağa çalışır. Azərbaycanla bağlı səhvə yol versə, gələcəyin dünyasında özünə yer tapa bilməyəcək. Putin Azərbaycanın qələbəsini tanımağa məcburdur!

Ermənistan da prosesdən qazanclı çıxmağa çalışır. Paşinyanın bəyanatlarından bu, aydın görünür. Baş nazir ölkəsini, xalqını təslimiyyətə hazırlayır. Anlayır, bilir ki, uzatmağın yeri və faydası yoxdur.

Böyük prosesin son mərhələsinə yaxınlaşırıq. Gedişat onu deyir ki, bir azdan müharibə bitəcək, sülh sazişi imzalanacaq. Azərbaycan ssenarisi işə düşüb. Hərbi, eləcə də diplomatik cəbhələrdə şərtləri biz diktə edirik. Çünki haqlıyıq və qalibik.

Ermənilər sülhə razı olmasalar, separatçıların əli və dili ilə təxribatı davam etdirsələr, ehtiyatda başqa variant – antiterror əməliyyatları var. Seçim onların, qərar Azərbaycanın.

Azər Ayxan
Globalinfo.az