Ermənistanın 10 müxtəlif yerində aksiyalar başlayır: “Baqrat” üsyanı dini inqilaba keçir?

Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) İrəvanın Respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı deyib ki, İrəvanın və ölkənin 10 müxtəlif yerində vətəndaş itaətsizliyinin dinc aksiyaları keçiriləcək.

“Əlbəttə ki, bütün detalları əvvəlcədən açıqlamayacağıq. Sabah mitinq olmayacaq, bir araya gəlib nə edəcəyimizi konkret şəkildə müzakirə edəcəyik”, – deyə o, bildirib.

Srbazanın sözlərinə görə, növbəti mitinq mayın 12-si, saat 18:30-da baş tutacaq.

Ermənistandakı aksiyaların nəticəsi necə olacaq? İrəvan teokratik bir inqilab ərəfəsindədir? N.Paşinyan niyə proseslərə müdaxilə etmir və rahatdır?

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın “lider” olaraq önə çəkilməsi kilsə ideologiyasını canlandırmasına xidmət edir:

“Proses kənardan idarə edilir. Kilsə üçün verilən təlimat belədir ki, o, Ermənistanda ideoloji əsaslı sarı simlərə toxunaraq birinci növbədə Paşinyana qarşı olan siyasi qüvvələri və ictimai xadimləri eyni çətir altına toplasın.

İkinci etapda vahid cəbhədə toplanan kütlənin hakimiyyətə qarşı itaətsizliyini təşkil etmək hazırlıqları dayanır. Artıq bununla əlaqədar çağırışlar artmaqdadır.

Üçüncü mərhələ isə daha təhlükəlidir, mümkündür ki, ordu daxilində Paşinyan əleyhinə olan qüvvələr Azərbaycanla sərhəd bölgələrdə silahlı təxribatların əmrvericisinə çevrilsinlər”.

Ekspert deyib ki, Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı kilsə mərkəzli revanş götürmək cəhdi İrəvanı Azərbaycanla sülh proqramından geri döndərmək məramına xidmət edir:

“Ardınca yarana biləcək xaotik durumdan regional qarşıdurmalar ssenarisinə keçidə hazırlıqdır. Bununla kənar oyunçular regionda öz güclərinin mərkəzləşdirilməsini yaratmağı hədəfləyirlər. Deməli, Ermənistan daxilində narazı qruplar elə bir tezislərə inandırılır ki, ölkədəki zorakılıq gündəlik sabit hala çevrilsin.

Mümkün ssenarilərin bütün mərhələlər üzrə uğurla yekunlaşması çətin görünür. Çünki etirazlar hələlik Paşinyana qarşı böyük resurs imkanlarından məhrumdur. Bundan başqa, etirazların Paşinyanı devirə biləcək silahlı müqavimət gücü yoxdur. Ən önəmli faktor isə Paşinyanın tərəfdarları və elektoratı önündə ideal qırılma xətti yarada bilmək potensialı zəifdir”.

A.Kərimov hesab edir ki, erməni kilsəsinin Azərbaycana nifrətindən istifadə edərək onun yönləndirilməsinə, idarə edilməsinə cəhdlər çoxala bilər:

“Bu, Paşinyanın hakimiyyət kreslosu üçün də təhdid komponentlərinin tərkib hissəsidir. Buna görə də, Paşinyan kilsə əsaslı etirazların baza formalaşdıra bilmək qabiliyyətini araşdırmaq üçün təhlükəsizlik qüvvələrinə “reyd” keçirməyi tapşıracaq.

Hər bir halda, Paşinyanın Azərbaycanla sülh gündəliyinə uyğun təşkil edən davranışları onu kilsənin, erməni lobbisinin, Rusiya, ABŞ, Fransa, İranın dişləri arasında sıxılmasına gətirib çıxarır. Çətin vəziyyətdə qalan Paşinyan indi elə etməlidir ki, Ermənistan dövlətinin suverenliyi daha böyük daşlar altında qalmasın”.

Turan Rzayev
Globalinfo.az