Bakının tıxac dərdinin dərmanı tapıldı – ekspert problemin həlli üçün iki yol göstərir

Sosial şəbəkələrin Azərbaycan seqmentində son günlərin ən çox müzakirə edilən mövzularından biri də paytaxt küçələrində tıxacın olmamasıdır. Yeni il ilə əlaqədar nəzərdə tutulan qeyri-iş günlərinin bitməsinə baxmayaraq, paytaxt yollarında sıxlıq müşahidə olunmur.

Bəzi iddialara görə yollarda sıxlığın azalmasına səbəb tələbələrin qış tətilinə çıxmalarıdır. Universitetlərdə qış semestrindən sonra dərslərin kəsilməsi Bakıda nəqliyyat sistemində sıxlığın azalmasına səbəb olub. Həmçinin orta məktəblər də tətilə çıxıb. Hər iki amil Bakı küçələrində tıxaclara ciddi təsir edib.

Ali təhsil müəssisələrinin Bakıətrafı zonalara və həmçinin regionlara köçürülməsi təklifi vaxtaşırı səsləndirilir. Belə çıxır, bu təklifləri verənlər haqsız deyillər. Bakıya yaxın ərazilərdə universitet və tələbə şəhərcikləri salınması haqda təklif çoxdan var. Sadəcə bunun icrasına müxtəlif amillər mane olub.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur: universitetlərin regionlara köçürülməsi paytaxt Bakının tıxac problemini aradan qaldıra bilərmi?

Kamran Əsədov izləyicini təhqir etdi — Foto
Kamran Əsədov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, məsələyə ilk öncə rəqəmlər üzərindən baxmaq lazımdır:

“Azərbaycanda 51 ali təhsil müəssisəsi var. Bu ali təhsil müəssisələrində 187 min tələbə təhsil alır. Etiraf edək ki, bu tələbələrin böyük bir qismi paytaxt Bakının payına düşür.

Otuza yaxın ali təhsil müəssisəsi birbaşa Bakı şəhərində yerləşir. Bu, müəyyən mənada nəqliyyata təsir göstərir. Amma Bakı şəhəri üzrə tıxacların birmənalı səbəbi kimi ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayını göstərmək absurddur.

Ümumiyyətlə günün istənilən saatarında tıxac olan küçələrə, prospektlərə baxdıqda görə bilərik ki, orada heç ali təhsil müəssisəsi yoxdur. Misal üçün, Ziya Bünyadov prospektində günün istənilən saatında tıxac olur və bu prospektdə bir dənə də olsun ali təhsil müəssisəsi yoxdur. Yaxud Zərifə Əliyeva prospekti boyunca baxsaq, yenə də eyni mənzərənin şahidi ola bilərik. Metronun “Sahil” satansiyası yaxınlığında Pedaqoji Universitet olsa belə, köməkçi yoldadır”.

Heydər Əliyev Fondu - Binə qəsəbəsi 117 saylı tam orta məktəb

Təhsil ekspertinin sözlərinə görə, bu gün Azərbaycan universitetlərinin ən sıx yerləşdiyi ərazi “Elmlər Akademiyası” metrostansiyanın ətrafıdır:

“Lakin burada universitetlərin olması Mətbuat, Hüseyn Cavid, Parlament prospektlərində nəqliyyatın sıxlığına səbəb olmur. Buna görə də demək olar ki, Bakı şəhərindəki tıxacların səbəbi ali təhsil müəssisələri deyil. Təbii ki, düşünürük ki, süni şəkildə insan sayının artması tıxaclara təsir edir. Bu hardasa doğrudur.

Təhsil almağa gələn tələbələr daha sonra burada qalır, işləyir, hətta ailə həyatı qurur. İnsan sayının çoxalmasında ali təhsil müəssisələri təsir göstərir. Lakin bunun qarşısının alınması üçün ali təhsil müəssisələrinin regionlara köçürülməsi həll yolu deyil”.

K.Əsədov deyir ki, Bakıda ali təhsil müəssisəsində çalışan insanlar professor, elmlər doktorlarıdır ki, onlar uzun illərdir Bakıda yaşayırlar: “Biz onları regionlara köçürə bilmərik. Əvəzində biz paytaxtın ali təhsil müəssisələrində ixtisar plan yerlərinin sayını azaldaraq region universitetlərində plan yerlərin sayını artıra bilərik. Misal üçün, Pedaqoji Universitetdə müəllimlik ixtisasını azaldıb, əvəzində Gəncədə, ya da Mingəçevirdə bu ixtisas yerlərinin sayını artıra bilərik. Bu yolla tələbələrin Bakıdan kənarlaşmasını təmin etmək olar”.

K.Əsədovun fikrincə, paytaxt yollarında tıxacların səbəbi ali təhsil müəssisələri deyil, orta təhsil müəssisələridir:

“Bizim 4 min 432 orta təhsil müəssisəmiz var və bu təhsil müəssələrində bir milyondan artıq şagird təhsil alır. Həmin məktəblərin 320-si paytaxt Bakıda yerləşir. Bu isə nə az, nə çox 470 min nəfərin təhsil alması deməkdir.

Təkcə paytaxtın 320 təhsil müəssisəsində 28 min şagird birinci sinfə gedir. Birinci sinfə gedən ibtidai sinif şagirdlərini təbii olaraq dərsə valideynləri, ya da özəl sürücüləri aparır. Bu isə həmin sayın təbii olaraq iki qatına çıxması deməkdir. Yəni gündəlik hesabla paytaxt yollarında təkcə birinci sinif şagirdlərinin dərsə getməsi üçün 50 mindən çox şəxs hərəkət edir.

8 Noyabr, Babək prospekti ən çox tıxacın müşayiət edildiyi yollardır və həmin ərazidə ali təhsil müəssisəsi yoxdur. Əvəzində isə orta təhsil müəssisələri var.

Bu vəziyyətin aradan qalxması üçün isə mütləq şəkildə hərəkət edən kütləni parçalamaq lazımdır. Yəni dərslərin başlama vaxtı müxtəlif saatlarda olmalıdır”.

Turan Rzayev
Globalinfo.az