Avropanı gözləyən dəhşət: canilərin xələfləri qalib gəldi – Nələr olacaq?

Bu il Avropa Parlamentində keçirilən 10-cu seçki başa çatdı. 6-9 iyun tarixlərində keçirilən sayca 10-cu seçkinin qalibi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin üzvü olduğu Avropa Xalq Partiyası (EPP) oldu. EPP Avropa Parlamentində 181 səs qazandı. İkinci yeri isə (135 səs) Sosialistlər və Demokratlar tutdu.

Prinsip etibarilə EPP-nin seçkilərdə qalib gələcəyi gözlənilirdi. Bunun birdən çox səbəbi var. İlk olaraq onu qeyd etmək lazımdır ki, son illərdə Avropada sağmeyilli qüvvələr ciddi yüksəlişə keçib. Bu isə ideoloji böhranla bağlıdır. Daha dəqiq desək, Avropada əsas hakim ideologiya olan liberalizm ciddi böhran içindədir.

İdeoloji böhranın əsas səbəbi kimi Rusiya-Ukrayna müharibəsini göstərmək olar. Belə ki, müharibənin uzanması Avropada enerji, taxıl böhranlarını yaradıb və bu, liberalizmin əsas gücü olan iqtisadiyyata mənfi təsir edir.

Bundan başqa, son illərdə Avropaya müsəlmanların axın etməsi qoca qitənin etnik-dini kimliyinin dəyişməsinə səbəb olub. Bütün bu və digər faktorlar öz növbəsində qitədə sağ meylli qüvvələri milliyyətçiləri və ultramilliyyətçiləri aktivləşdirib.

Bu gün Avropanın siyasi, sosial və iqtisadi vəziyyəti daha çox XX əsrin 20-30-cu illərini çox xatırladır. Təsadüfi deyil ki, Birinci Dünya müharibəsinin nəticələrindən, iqtisadi, siyasi və ideoloji böhrandan istifadə edən milliyyətçilər İtaliyada Benito Mussolininin (Faşizm), Almaniyada Adolf Hitlerin (Nasizm), İspaniyada Fransisko Franko öndərliyində güc qazandı.

Avropa Parlamentinə keçirilən 10-cu seçki də prinsip etibarilə EPP timsalında qoca qitədə ikinci ultramilliyyətçi və sağçıların oyanışı adlandırmaq olar. Mümkündür ki, qarşıdakı illərdə Avropada antisemitizm, islamafobiya, ultramilliyyətçilik, irqi ayrı-seçkilik pik həddə qalxacaq.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı