Bakıya qarşı qisas əməliyyatına start verildi – AŞPA-da biabırçılıq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Belə ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.

Bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib.

İslamofob, türkofoblar düşərgəsi

Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir. Lakin Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə əhəmiyyət kəsb etmir. Məsələ ondadır ki, bu, Azərbaycana qarşı atılan ilk belə addım deyil, böyük ehtimalla son da olmayacaq. Çünki sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib. Belə şəxslərdən biri də almaniyalı deputat Frank Şvabendir.

Sosial Demokrat Partiyasının üzvü olan və Kansler Olaf Şoltsa yaxınlığı ilə bilinən F.Şvaben Cənubi Qafqazla xüsusi maraqlanır. Bir çox AŞPA nümayəndəsi kimi F.Şvabenin də erməni lobbisi və diasporu ilə yaxın əlaqələri var. Digər diqqətçəkən məqam isə onun neonasist Pegida hərəkatının üzvləri ilə münasibətinin olmasıdır. Bütün bunları ümumiləşdirdikdə F.Şvabenin də islamofob, türkofob olduğu üzə çıxır.

Təbii ki, F.Şvaben faktoru həm də başqa bir məsələni gündəmə gətirir: söhbət Fransa və Almaniyanın tandem şəklində çıxış etməsindən gedir. Aydın məsələdir ki, Fransa bir çox hallarda öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Son zamanlar rəsmi Paris Bakı qarşısında ardıcıl məğlubiyyətlər alır, demək, Almaniya ilə birlikdə AŞPA-da belə bir cavab addımı hazırlaya bilər. Yəni Fransa Almaniyanı qabağa verib, AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.

AŞPA sayağı “ədalət”

AŞPA-nın sərgilədiyi mövqe Bakı üçün yad deyil. Ümumiyyətlə, rəsmi Bakı AŞPA-ya üzv olduğu 2001-ci ildən bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Təşkilat bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar, qərarlar verməkdən başqa heç nə etməyib. Halbuki AŞPA-ya üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

Nəticə etibarilə AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə əlaqəsi yoxdur. Bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.

Bakının cavabı

AŞPA hələlik qərar qəbul etməyib, lakin qərar veriləcəyi təqdirdə rəsmi Bakı səssiz qalmamalıdır. Azərbaycanın təşkilata etirazı nümayəndə heyətimizin qurumdakı fəaliyyətinin dayandırması ilə nəticələnə bilər. Prinsip etibarilə, bu gün Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur. Məsələ ondadır ki, rəsmi Bakı vaxtilə Qarabağ probleminin həllinə görə AŞPA-ya üzv olmuşdu. Artıq bu problem həll olunub. Yəni Azərbaycanın AŞPA-da qalması zəruri deyil.

Turan Rzayev
Globalinfo.az