ABŞ-ın milli borcu 2026-cı ilin avqustunda ilk dəfə 40 trilyon dolları keçərək tarixi həddə çatıb. Bu rəqəmin miqyasını təsəvvür etmək üçün qeyd olunur ki, dünyanın ən varlı beş şəxsi amerikalıdır və onların ümumi sərvəti təxminən 13 trilyon dollar təşkil edir. Beləliklə, ABŞ-ın dövlət borcu bu beş milyarderin ümumi sərvətindən təxminən üç dəfə çoxdur.
Nəhəng borc yükünün artması isə ölkənin maliyyə dayanıqlılığı və gələcək iqtisadi siyasəti ilə bağlı narahatlıqları gücləndirir. Analitiklər ABŞ borcundakı rekord artımın dollar üçün də risklər yaratdığını düşünürlər.
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, məbləğin 32 266 trilyon dolları ictimai təşkilatların əlində olan, 7 782 trilyon dolları isə hökumətdaxili borcdur:
“Burada ABŞ-ın əsas üstünlüyü ondadır ki, dollar dünyanın əsas ehtiyat valyutasıdır. Digər diqqətçəkən məqam odur ki, hökumətin borcu öz valyutasındadır. Problem borcun miqdarından çox, onun sürətlə böyüməsindədir. Belə ki, borcun faizi artıq büdcəni sıxmağa başlayır. ABŞ bunun üçün ildə 1 trilyondan dollardan çox pul xərcləyir. Bu, müdafiə xərclərini də keçib. Əgər borc iqtisadiyyatdan sürətlə böyüyərsə, problem getdikcə ağırlaşacaq. Lakin qeyd etdiyim kimi, ABŞ-ın böyük üstünlüyü ondadır ki, dünya ölkələri, banklar və investorlar dollar, “ABŞ Treasury” istiqrazlarına böyük tələb göstərirlər. Bu istiqrazlar dünyanın ən mühüm təhlükəsiz aktivlərindən biridir. Məsələn, Çin və Yaponiya kimi ölkələrin dollar ehtiyatları trilyonlarla dollar səviyyəsindədir. Buna görə də ABŞ uzun müddət digər ölkələrdən daha ucuz borclana bilir. Əlbəttə, bu üstünlük də sonsuz sayılmaz”.
Vüsalə Əhmədova
İqtisadçı bildirib ki, artıq xarici investorların ABŞ istiqrazlarına tələbi və dollar aktivlərinin strukturundakı dəyişikliklər barədə narahatlıqlar artır:
“Amerikalı milyarderlərin sərvəti nağd puldan yox, əsasən şirkət səhmləri və digər aktivlərdən ibarətdir. Həmin sərvətin hamısını dövlətə vermək isə mümkünsüzdür. Hətta hamısını satsalar belə, bu, dövlətin illik büdcə problemini həll edəcək mexanizm deyil. Hazırda əsas təhlükə məhz ABŞ borcunun 40 trilyon dolları keçməsinin artıq “fiskal böhran” riskini ciddi şəkildə artıracağı, xüsusilə sosial proqramlar və faiz xərclərinin gəlirlərdən daha sürətli böyüməsidir. Bu mərhələdə hökumət vergiləri artırmaq, sosial, müdafiə və digər xərcləri azaltmaq, daha yüksək inflyasiyaya yol vermək məcburiyyətində qalır. Bu da illər ərzində amerikalıların vergilərini, sosial təminatını, faizlərini və gələcək nəsillərin həyat səviyyəsini tədricən sıxmasına səbəb ola bilər”.
Ləman İmran
Globalinfo.az