Tofiq zulfuqar0 900x518 1

“Son 2-3 həftə ərzində təhlükəsizliyimiz baxımından xüsusi əhəmiyyət daşıyan İran ətrafında və Azərbaycanla bağlı proseslərdə müəyyən dinamika müşahidə olunur”.

Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Qərb mediasında və İran mətbuatının bir hissəsində yayılan çoxsaylı provokativ materiallarla yanaşı, İran Prezidenti Məsud Pezeşkianın və ABŞ vitse-prezidenti Ceyms Devid Vensin son açıqlamalarına xüsusi diqqət yetirmək lazımdır:

“İran liderinin mesajlarında Tehrandakı siyasi dairələrin bir hissəsinə kifayət qədər aydın cavab vermək cəhdi görünür. Söhbət ya yanlış təsəvvürlərin təsiri altında, ya da xarici qüvvələrin maraqlarına uyğun olaraq İranın həm Azərbaycan, həm də Türkiyə ilə açıq qarşıdurmaya sürüklənməsini istəyən çevrələrdən gedir.

Belə bir ssenari ilk növbədə İranın öz milli maraqları baxımından təhlükəlidir. Məqsəd İranla qarşıdurmada ABŞ və bəzi ərəb ölkələri ilə yanaşı, regionun iki aparıcı türk dövlətinin – Azərbaycan və Türkiyənin də cəlb edilməsinə şərait yaratmaqdır. Başqa sözlə, azərbaycanlının azərbaycanlıya, türkün türkə qarşı silah qaldıracağı bir vəziyyət formalaşdırmaq cəhdi ortaya çıxa bilər.

ABŞ vitse-prezidenti Vensin açıqlaması da bu baxımdan müəyyən suallar doğurur. Əgər Vaşinqtonun mövqeyinə görə ərəb ölkələri, Türkiyə və Azərbaycan ABŞ-ın müttəfiqləridirsə, onda həmin ölkələrə zərər vura biləcək açıqlamaların verilməsində məqsəd nədir?

Bu sual başqa bir ehtimalı da gündəmə gətirir: söhbət “anti-İran koalisiyasını” gücləndirməkdən daha çox, hərbi qarşıdurmanın yükünü müsəlman ölkələrinin üzərinə keçirmək cəhdindən gedə bilər. Belə bir yanaşmanın davamında daha təhlükəli ssenarinin formalaşması mümkündür. Region İran-İraq müharibəsi dövrünün modelinə yaxınlaşdırıla, iki tərəfin uzunmüddətli qarşıdurmaya cəlb olunaraq bir-birini zəiflətməsi və tükətməsi üçün şərait yaradıla bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: