pasinyan putin

Rusiya ilə Ermənistan arasında münasibətlər daha da gərginləşəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Bildirilib ki, Bişkekdə keçirilən görüş Moskvanın İrəvana münasibətdə əvvəlki diplomatik ritorikadan daha sərt mövqeyə keçdiyini göstərib. İddialara əsasən, Rusiya Ermənistan hakimiyyətindən gələcək siyasi istiqaməti ilə bağlı seçim etməsini gözləyir:

“Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya bazarının açılması ilə bağlı danışıqlara başlamasını vaxt qazanmaq cəhdi kimi qiymətləndirir. İrəvan bununla yaxın bir neçə il ərzində referendum məsələsini təxirə salmaq, Qərbə inteqrasiyadan uzaq görüntü yaratmaq və bu müddətdə ixrac istiqamətlərini qismən dəyişmək niyyətində ola bilər.

Rusiya tərəfi Ermənistanın bu siyasətinin sonda Moskva ilə əlaqələrin tamamilə kəsilməsi ilə nəticələnə biləcəyindən ehtiyatlanır. Bu səbəbdən Kremlin Ermənistanla münasibətlərdə daha sərt və güzəştsiz xətt seçmək barədə qərar verdiyi iddia olunur”.

Qəzet mümkün addımlar sırasında Ermənistandan Rusiyaya ixracın məhdudlaşdırılması, Rusiyada yaşayan və çalışan Ermənistan vətəndaşlarının ölkədən çıxarılması, pul köçürmələri və nəqliyyat əlaqələrinə məhdudiyyətlərin tətbiqi, həmçinin enerji daşıyıcılarının, xüsusilə təbii qazın qiymətinin artırılmasını sadalayır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: