Çini Qırğızıstan vasitəsilə Özbəkistanla birləşdirəcək Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsində tikinti işləri davam edir.
Globalinfo.az xəbər verir ki, uzunluğu 500 kilometrdən çox olacaq dəmir yolu xətti Çinin Sincan bölgəsində yerləşən Kaşqardan başlayaraq Qırğızıstanın dağlıq ərazilərindən keçəcək və Özbəkistanın Əndican şəhərinə qədər uzanacaq.
Məlumata görə, xəttin həm yük, həm də sərnişin daşımalarında istifadəsi nəzərdə tutulur. Layihənin tammiqyaslı tikintisinə 2025-ci ilin iyununda başlanılıb. Marşrutun Qırğızıstan ərazisindən keçən hissəsinin uzunluğu təxminən 305 kilometr təşkil edəcək.
Dağlıq relyef səbəbindən xətt üzrə 27 tunel və 43 körpünün, həmçinin 20 dəmir yolu stansiyasının inşası planlaşdırılıb. Məlumata görə, Qırğızıstan ərazisində dəmir yolu tikintisinin təxminən 17 faizi artıq tamamlanıb.
Tikintisi başa çatan ilk tunel 209,6 metr uzunluğunda Koş Dobo Şimal-2 tuneli olub. Təxminən 210 metr uzunluğundakı bu tunelin istifadəyə hazır vəziyyətə gətirilməsi layihənin Qırğızıstan hissəsində mühüm mərhələ hesab olunur.
Layihənin tamamlanması ilə Çin və Özbəkistan arasında Qırğızıstan üzərindən birbaşa dəmir yolu bağlantısının yaradılması və regionda yeni nəqliyyat dəhlizinin formalaşması gözlənilir.
Tahir Turan
Globalinfo.az