foto

Uçan avtomobillərlə bağlı uzun illər yalnız filmlərdə gördüyümüz mənzərə artıq reallığa çevrilir. Belə ki, polşalı sahibkar Tomas Patanın hazırladığı “Jetson One” uçan aparatı 2021-ci ildə təqdim olunduqdan sonra dünyada böyük maraq doğurub. Qurğuya tələbat o qədər yüksəkdir ki, 2026-cı il üçün nəzərdə tutulan bütün satışlar artıq tükənib. Bu isə yaxın illərdə uçan nəqliyyat vasitələrinin daha da təkmilləşdirilərək gündəlik həyata daxil ola biləcəyini göstərir.

Bu maşın bizim regiona, ölkəmizə nə vaxtsa gələcəkmi? Bakıda belə bir cihazdan istifadə etmək indiki reallıqda mümkün görünür?

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bununla bağlı Azərbaycana, Cənubi Qafqaza konkret satış və ya çatdırılma planı açıqlanmayıb:

“Lakin şirkət artıq ilk beynəlxalq tədarükləri həyata keçirir və yeni sifarişləri qəbul edir. Məlumata görə, hazırda 2026 və 2027-ci illərin istehsal imkanları tam satılıb, yeni sifarişlər isə artıq 2028-ci ilə verilir. Azərbaycana nə zaman gələcəyi ilə bağlı konkret tarix demək mümkünsüzdür. Çünki belə bir uçuş aparatının ölkəmizdə istifadəsi onun alınmasından əlavə, həm də aviasiya qaydalarına uyğunlaşdırılmasından, qeydiyyatdan keçirilməsindən və uçuş üçün müvafiq icazələrin müəyyənləşdirilməsindən asılıdır. Hazırda Azərbaycanda mülki pilotsuz uçuş aparatları ilə bağlı nəzarət və icazə mexanizmləri də sərtləşdirilir”.

WhatsApp Image 2026 03 19 at 14.48.16

Eşqin Nuruşov

Ekspert bildirib ki, indiki reallıqda Bakıda adi avtomobil kimi küçədən qalxıb şəhərin üzərində uçmaq mümkün deyil:

“Jetson One” əslində avtomobildən daha çox fərdi elektrikli uçuş aparatı, yəni eVTOL-dur və onun uçuşu üçün hava məkanının təhlükəsizliyi, icazələr və xüsusi qaydalar tələb olunur. Məsələn, İtaliyada belə aparat üçün xüsusi ultrayüngül uçuş qeydiyyatı tətbiq edilib.

Gələcəkdə bu texnologiya daha da inkişaf edəcək. Hazırkı “Jetson One” təxminən 20 dəqiqə uça, 102 km/saat sürətə çata bilir və bir uçuşda orta hesabla, 18 kilometr məsafə qət edib. Gələcək inkişafın əsas istiqamətləri uçuş müddətinin, məsafəsinin artırılması, batareyaların təkmilləşdirilməsi, təhlükəsizliyin yüksəldilməsi və bu cür uçuş aparatları üçün qaydaların formalaşdırılması olacaq”.

Ləman İmran
Globalinfo.az

Paylaş: