1637933052 kamil zeynalli

Tanınmış fitnes məşqçisi və bloger Kamil Zeynallının Tailandda buddist məbədində rituallara qatılması və bununla bağlı video paylaşması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görüntülərdə idmançının məbədlərin birində buddist rahibə yaxınlaşaraq ondan dua etməsini xahiş etdiyi, rahibin isə onun qoluna rəngli ip bağladığı və bitki dəstəsi ilə başına vurduğu əks olunub.

Bu hal islamı baxımdan necə dəyərləndirilir?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, dünyada bir çox inanclar və etiqadlar mövcuddur:

“Fərqli ölkələrdə müxtəlif etiqadlara sahib insanlar yaşayırlar. Amma islam dünyagörüşünə görə, əsas məsələ tövhid inancıdır. Yəni insanın tək Allaha inanması və yalnız Ona ibadət etməsi. Əgər hər hansı bölgədə islamın, tövhid şüurunun və tək Allaha inancın izləri varsa, həmin insanların xeyir-duasını almaq qəbul edilən anlayışdır”.

İlahiyyatçının sözlərinə görə, bir buddistdən və yaxud islamın qəbul etmədiyi başqa bir inanca sahib şəxsdən dua almaq müsəlman üçün doğru istək hesab olunmur:

“Ona görə ki, bizim inancımıza görə hər şeyin sahibi, kainatın yeganə sultanı Allahdır. Dua da Ona edilir, ibadət də Ona edilir və ibadətləri qəbul edən, dualara cavab verən də yalnız Odur. Buddizmə və ya başqa qeyri-tövhidi inanclara sahib olan insanlar isə öz inanclarına uyğun olaraq hansısa bütə, varlığa və ya müqəddəs hesab etdikləri başqa bir məfhuma sitayiş edə, ondan yardım və kömək diləyə bilərlər. İslam inancına görə isə bu, doğru hesab edilmir”.

Ağa Hacıbəyli deyib ki, müsəlmanın başqa dinin müqəddəs sayılan dəyərlərindən istifadə etməsi islam baxımından doğru və caiz hesab olunmur:

“Hətta niyyəti həmin inancdan dua almaq olmasa belə, başqasının dini ayinini və ya inanc formasını təqlid etmək də düzgün deyil. Ona görə də müsəlman doğru inanca, düzgün və səmimi etiqada sahib olan insanlardan dua və xeyir-dua alar. Bu, islamın fundamental və dəyişməz prinsiplərindən biridir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: