“Avropada Rusiyaya qarşı 2030-cu ilə qədər müharibəyə hazırlaşmaq görüntüsü yaradılır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sama Menşova” internet layihəsinə müsahibəsində deyib.
“Onlar elə “xoruzlanırlar” ki, belə təəssürat yaranır: guya necə qərar versələr, elə də olacaq. Sanki 2030-cu ilə qədər ölkəmizə qarşı müharibə aparmağa artıq hazır olmalıdırlar”, – nazir vurğulayıb.
Lavrov Rusiya Prezidenti Vladimir Putinin sözlərini xatırladıb. O bildirib ki, Rusiya tərəfi heç vaxt hücum etməyəcək:
“Lakin bizə hücum ediləcəyi təqdirdə belə müharibə prinsipcə fərqli olacaq və çox qısa müddət çəkəcək”.
Bundan əvvəl, apreldə Belçika Baş Qərargahının rəisi, general Frederik Vansin Avropa İttifaqının Ukraynadakı münaqişəni 2030-cu ilə qədər uzatmağı planlaşdırdığını və bununla da Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq istədiyini bildirmişdi.
O, Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırmışdı. Generalın sözlərinə görə, bu, ABŞ-dan “strateji muxtariyyət” əldə etmək üçün zəruridir.
Əliyar Xəlil
Globalinfo.az