Azərbaycanda avqustun 30-u axşam saatlarından sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə rəsmi qurumlarla yanaşı, müstəqil hava proqnozu mənbələri də fikirlər səsləndirir.
Məlumata görə, bu müddətdə Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Yağıntıların ayrı-ayrı vaxtlarda leysan xarakterli olacağı, bəzi ərazilərdə şimşək çaxacağı proqnozlaşdırılır.
Xüsusilə avqustun 31-i axşam saatlarında yağıntıların intensiv və qısamüddətli güclü olacağı ehtimal edilir.
Həmçinin Bakı və Abşeron yarımadasında güclü külək də müşahidə oluna bilər. Yağıntıların əsasən sahilə yaxın ərazilərdə daha intensiv olacağı gözlənilir.
Meteoroloji prosesin miqyası ilə bağlı yayılan proqnozlara əsasən, Bakının bəzi ərazilərində düşəcək yağıntının miqdarı 1-2 aylıq, ayrı-ayrı yerlərdə isə 4-6 aylıq yağıntı normasına çata bilər.
Qeyd edək ki, Bakıda avqust ayı üzrə yağıntının iqlim norması cəmi 6 millimetrdir. Bu isə qarşıdakı proses zamanı bəzi ərazilərdə bir neçə aylıq yağıntı normasının qısa müddətdə düşə biləcəyi anlamına gəlir.
Bununla belə, yağıntının dəqiq miqdarı hava prosesinin gedişindən asılı olacaq və ilkin proqnozlardan fərqlənə bilər.
Mütəxəssislər xüsusilə avqustun 31-i axşam saatlarında hava şəraitinin daha da kəskinləşəcəyini bildirirlər.
Əliyar Xəlil
Globalinfo.az