Avqustun 1-də ABŞ Rusiya ilə tarixi məhbus mübadiləsini təsdiqləyib. Məhbuslar arasında amerikalı jurnalistlər Evan Gerşkoviç və Alsu Kurmaşeva, keçmiş ABŞ dəniz piyadası Pol Uilan və ABŞ-ın daimi sakini Vladimir Kara-Murzanın adları var. Prosesdə beş alman və yeddi Rusiya vətəndaşı daxil olmaqla, 16 nəfərin müqabilində ABŞ-da, Almaniyada, Polşada, Norveçdə və Slovaniyada saxlanılan 8 nəfərin mübadiləsi həyata keçirilib.
Bu, ABŞ və Rusiya arasında Soyuq müharibədən bəri ən böyük məhbus mübadiləsi hesab edilir.
Kimlər, hansı işlərə görə həbs edilənlər dəyişdirildi? Bu məhbuslar arasında casuslar varmı? İndiyə kimi ABŞ-ın bu cür mübadiləsi hansı ölkə ilə olub?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ və Rusiya arasında məhbus mübadiləsi ilk dəfə həyata keçirilmir:
Elxan Şahinoğlu
“Soyuq müharibənin mövcud olduğu illərdə SSRİ ilə ABŞ 1940-cı illərdən bu yana belə casus mübadilələrini həyata keçirirlər. Birləşmiş Ştatların Rusiyadakı məhbusları çıxartmaq istəyinin bir neçə səbəbi var.
Birincisi, öz vətəndaşlarının azad edilməsi, ikincisi, demokratiya, insan haqları naminə həbs edilənlərə dəstək vermək idi. Rusiya isə öz adamlarını, yəni ABŞ və Avropa ölkələrində ələ keçirilən casusları ölkəyə gətirir və onlara azadlıq bəxş etməyə çalışır. Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlərə görə ölkə sistemindən kənar müxalifətin lideri Aleksey Navalnını müəmmalı şəkildə ölməsə idi bir müddət sonra onu da ABŞ-la mübadilə etməyə hazır imiş. ABŞ-Rusiya münasibətlərinin gərgin olmasına baxmayaraq gələcəkdə də belə halların şahidi ola bilərik”.
Politoloq Zeynal Əmrəliyev isə məsələyə belə münasibət bildirib:
Zeynal Əmrəliyev
“Bu cür məhbus mübadiləsi daha əvvəldə olub. Avqustun 1-də baş tutan proses daha genişləndirilmiş formadadır. Burada əsas fərqləndirici amil, Rusiyanın təhvil verdiyi şəxslərin Qərb vətəndaşları ilə bərabər, məhz müxalif Rusiya vətəndaşlarının olmasıdır. Onlar ölkə daxilində xarici agent, vətən xaini və s. kimi müxtəlif ittihamlarla həbs olunublar. Siyasi motivlər əsasında həbs olunan blogerlər, jurnalistlər, ictimai xadimlər, müxalif siyasi fəallar ABŞ-a təhvil verildi. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən Rusiya üçün biabrçı addımdır. Çünki rəsmi Moskva öz vətəndaşlarını düşmən hesab etdiyi ölkəyə verdi. Bu, Kremldəki sistemin mahiyyətini üzə çıxacaq amildir.
ABŞ-ın Moskvaya təhvil verdiyi şəxslər də Rusiya vətəndaşıdır. Siyahıda Qərb ölkələrində müxtəlif ittihamlarla – korrupsiya, rüşvət və s. həbs olunan Rusiya hakimiyyətinə bağlı olan şəxslər var. Təsirləndirici amil ABŞ-ın özünün və Qərbin heç bir vətəndaşını Rusiyaya təhvil verməməsidir”.
Safura Bənnayeva
Globalinfo.az