Yaxın vaxtlarda ŞAD XƏBƏRLƏR eşidəcəyik! – DETALLAR

“Ermənistan Baş naziri Nikol Paşinyan Qərbin xüsusi xidmət orqanlarının Kremlin İrəvanda çevriliş edəcəyi ilə bağlı iddiaları fonunda kritik bəyanatlar verir”.

Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, İrəvanda Azərbaycanın tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu hamı anlayır:

“Belə olan təqdirdə qaçılmaz məsuliyyətin məhz Paşinyanla bağlı olmasını istəyirlər. Əlqərəz, müxalifətin indiki halda hakimiyyətə gələrək Azərbaycan qarşısında zəif görünməmək üçün Nikola dözməkdən başqa yolu yoxdur. Bunu onların xaricdəki havadarları da anlayırlar.

Paşinyan Tavuşdan sonra Gümrüyə səfər etdi. 5 saat qapalı şəraitdə öz partiya üzvləri və yaxın siyasi qruplarla danışıqlar apardı. Danışıqlar zamanı Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və Ermənistanın Aİ perspektivi, bu fonda daxildə müxalif qrupların davranışları müzakirə edildi.

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı ölkə daxilində müəyyən siyasi və hərbi qruplaşmaların hakimiyyətə pressinqi olsa da, ümumilikdə böyük şəhərlərin əhalisi bu mövzuda hökuməti dəstəkləyir.  Ölkə rəhbərliyini hazırda bu məsələ ilə yanaşı 5 aprel Brüssel görüşü və orada veriləcək bəyanatlardan sonra İrəvanda və digər şəhərlərdə mümkün iğtişaşların olub-olmayacağı maraqlandırır”.

Ekspert deyib ki, Ukrayna və Gürcüstan hakimiyyətlərinin Avropa İttifaqına üzvlüyü perspektivi alaraq üzləşdiyi çağırışlar hər kəsin yadındadır:

“İndiyə qədər həmin ölkələrin xalqları bu qərarın nəticələrini hiss etməkdədirlər. Sözsüz, 5 aprel görüşü və onun nəticələri də Ermənistanda hiss ediləcək, ancaq hələlik Kiyev və Tbilisidə meydanlarda baş verəcəklər kimi yox.

Gürcüstan və Ermənistanın Avropa perspektivi fonunda bölgədə geosiyasi vəziyyətin daha da qəlizləşməsi və Azərbaycanın tamamilə müstəqil və suveren, balanslı siyasəti güdərək bloksuz dövlət kimi statusunu davam etdirməsi yaxın qonşularımız tərəfindən mütləq şəkildə nəzərə alınmalıdır. Onlardan biri ilə artıq 4-cü ildir əməkdaşlığın yeni xətt üzrə perspektivindən danışa bilsək də, cənub qonşumuz 1994-1996,  2005-2006-cı illərdə olduğu kimi, indi də Qərbdən gələn təkliflər fonunda rəsmi Bakının mehriban qonşuluq siyasətinə sadiqliyini təhlil edərək müsbət nəticəyə gəlməkdə çətinlik çəkir. Ancaq Azərbaycan xarici siyasət diplomatiyası daim səbirli, soyuqqanlı siyasi davranışı ilə seçilib və bundan sonra da bu gedişat davamlı olacaq”.

Z.Məmmədov deyib ki, Ermənistanla bağlı Qərbin çətir funksiyasını yerinə yetirmək istəməsinin əsl səbəbi geosiyasi faktor, Rusiya ilə olan konfrontasiyadır:

“Bununla da Qərb Ermənistanı tərəzinin bir tərəfində, Azərbaycan və Türkiyəni isə o biri tərəfində qoyaraq açıq şəkildə ayrı-seçkilik etmiş olduğunu göstərir.

Ermənistanda və Qərbdə  başa düşməlidirlər ki, İrəvanın Qərbə inteqrasiyalarının imkanları ilk növbədə Azərbaycan və Türkiyədən asılı olacaq. Azərbaycan və Türkiyə hansı cinahı seçərlərsə, Ermənistan orada olacaq. Çünki Anadolu – Qafqaz birgə siyasi orqanizmdir və 44 günlük müharibədən sonra region öz bucağı altına – daim burada ağalıq edən azərbaycanlılara qayıtdı.

Əlqərəz, yaxın vaxtlarda növbəti şad xəbərləri eşidəcəyik. Azərbaycan böyük şahmat lövhəsində böyük fiqurları bir-bir şah və mat etməyi bacarır”.

Turan Rzayev
Globalinfo.az