Ölkədə inqilabi dəyişikliklər gözlənilir – Deputat

Növbədənkənar prezident seçkilərindən sonra ölkədə ciddi inzibati dəyişikliklərin baş verməsi gözlənilir. Bəzi ekspertlər iddia edirlər ki, paytaxtın və regionların idarə edilməsi seçki yolu ilə mümkündür. Hətta bu istiqamətdə icra hakimiyyəti strukturlarının bələdiyyə ilə əvəzlənməsi təklif edilir.

Maraqlıdır, seçkidən sonra idarəetmədə inqilabi dəyişikliklər olacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən əhatəli islahatlar paketi elan olunub:

“Əslində, bütün sahələrdə geniş islahatlar həyata keçirilir. İcra hakimiyyətinin statusu, strukturu, yerlərdə idarəetmənin forması konstitusiya ilə təsbit olunur. Burada böyük dəyişikliklər konstitusiya müddəalarında öz əksini tapmalıdır.

Vüqar İskəndərov

İqtisadi zonalarda Prezidentin səlahiyyətli nümayəndəsi institutu formalaşıb. Bu, pilot layihə kimi özünü doğrultmaqdadır.

Növbədənkənar prezident seçkiləri də həmin islahatların tərkib hissəsidir. Yeni siyasi mənzərə formalaşıb, Azərbaycan suverenliyini tam bərpa edib.

Hazırda yerli icra hakimiyyətində kadrların təyin olunması, iş üslubu, yeni çağırışlara cavab verməsi vacib məsələdir. Bu, Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Proses davamlı olacaq.

Sürətlə dəyişən dünyada Azərbaycan yeni çağırışlara cavab vermək üçün çalışır. Bu mənada seçkidən sonra da ölkədə ciddi dəyişikliklərin olması gözlənilir”.

Safura Bənnayeva
Globalinfo.az