Ev təsərrüfatlarının uçotunun 2027-ci ildən etibarən tam elektron qaydada aparılması planı diqqət çəkib. Bildirilir ki, yeni sistemdə ailələrin tərkibi, məşğulluq və sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə məlumatlar “mygov” platformasında toplanacaq.
Bu məsələ milyonlarla vətəndaşın ailə və sosial vəziyyətinə dair məlumatlarının vahid elektron sistemdə cəmləşdirilməsi məlumatların təhlükəsizliyi, məxfiliyi və istifadəsi ilə bağlı məsələləri də gündəmə gətirir.
Globalinfo.az-a danışan İT Station MMC-nin direktoru və kibertəhlükəsizlik mütəxəssisi Bünyad Həbibov qeyd edib ki, bu, sosial idarəetmədə yeni və daha səmərəli mərhələnin başlanğıcıdır:
“İndiyə qədər ailə tərkibi, məşğulluq və ya təsərrüfat fəaliyyəti ilə bağlı məlumatlar müxtəlif qurumlarda dağınıq qalırdı, bəzi hallarda isə kağız daşıyıcılarda köhnəlirdi. Bu da həm vətəndaşı bir arayış üçün qapı-qapı düşməyə məcbur edirdi, həm də dövlətin real sosial mənzərəni tam dəqiqliklə görməsini çətinləşdirirdi. Vahid rəqəmsal baza yarandıqdan sonra sosial dəstək mexanizmləri kağız üzərindəki göstəricilərə yox, ailənin faktiki vəziyyətinə əsaslanacaq və yardım doğrudan da ehtiyacı olan ünvanlara daha tez çatacaq”.
Mütəxəssisin sözlərinə görə, digər tərəfdən, milyonlarla insanın fərdi və sosial məlumatlarının bir mərkəzdə toplanması təbii olaraq kibertəhlükəsizlik və məxfilik məsələlərini ön plana çıxarır:
“Burada əsas məsələ texniki mühafizə ilə ictimai etimadın paralel qurulmasıdır. Sistem elə arxitektura ilə qurulmalıdır ki, məlumatlar həm ötürülmə, həm də saxlanma mərhələsində güclü şifrələmə ilə qorunsun, kənar müdaxilə riskləri minimuma endirilsin. Eyni zamanda, qurumlararası çıxış hüquqları ciddi şəkildə məhdudlaşdırılmalıdır — yəni hər bir qurum və ya əməkdaş bütün bazanı deyil, yalnız öz səlahiyyəti və konkret xidməti zərurəti çərçivəsində olan məlumatı görə bilməlidir. Vətəndaşın da öz şəxsi kabinetində məlumatlarına kimlərin və hansı əsasla baxdığını izləyə bilməsi şəffaflığı artıracaq və insanların bu sistemə olan güvənini tam möhkəmləndirəcək”.
Zaira Akifıqız
Globalinfo.az