Vaşinqtonun Azərbaycan açıqlaması – Qərb fərqli davranmağa məcburdur

ABŞ Dövlət Departamenti Qarabağda “etnik təmizləmə” iddialarını təsdiq etmədiyini açıqlayıb. Bu iddianın sübutlara əsaslanmalı olduğunu, lakin heç bir dəlilin göstərilmədiyi bildirilib.

O cümlədən BMT-nin hesabatalarında da Qarabağda heç bir mülkü infrastruktura ziyan vurulmadığı qeyd olunur. ABŞ Bakı və İrəvanı yenidən danışıqlar masasına çağırıb. Hazırda Qarabağda yaranan vəziyyət Vaşinqton və Aİ-nin uğursuzluğu kimi qiymətləndirilir. Vaşinqton və BMT-nin açıqlamaları isə Ermənistanda birmənalı qarşılanmayıb.

Bəs hazırkı prosesdə bu bəyanatlar necə dəyərləndirilməlidir? Xüsusilə xaricdə erməni lobbisinin Azərbaycana qarşı apardığı “soyqırım” təbliğatına necə təsir göstərəcək? Vaşinqtonun bəyanatı Cənubi Qafqaz siyasətinə yenidən baxılacağı kimi qiymətləndirilə bilərmi?

Mövzunu Globalinfo.az-a dəyərləndirən politoloq Turab Rzayev bildirib ki, son bəyanatlar ermənilərin dünya mediasında “etnik təmizlik” təbliğatlarına zərbə oldu:

“ABŞ Dövlət Departamentinin bu açıqlaması müsbət haldır. Ən azından həqiqəti təhrif etməyiblər. Adətən, beynəlxalq media və təşkilatlarda, hətta bəzi dövlətlərdə ermənilərin Qarabağı tərk etməsi ilə bağlı reallıq təhrif edilərək “etnik təmizləmə” adlandırılır. “Etnik təmizləmə” dedikdə hər hansı etnik, dini-milli tərkibdə müəyyən qrupun məcburi olaraq başqa bir yerə köçürülməsi nəzərdə tutulur. Halbuki Azərbaycan tərəfi Qarabağ ermənilərinin orada qalması ilə bağlı çağırışlar edir, mesajlar göndərirdi. Yəni biz heç bir halda onların məcburi şəkildə köçürülməsini həyata keçirmirik. Həmçinin onlar antiterror əməliyyatları aparılan müddətdə deyil, başa çatdıqdan sonra ərazini tərk etməyə başladılar. Bu da o deməkdir ki, həmin şəxslər hərbi əməliyyatlara görə məcbur qaldıqları üçün deyil, könüllü şəkildə seçim edərək bu qərarı veriblər. Əlbəttə, müəyyən panika ola bilər.

Eyni zamanda iddialar var ki, oradakı separatçı liderlər erməni sakinləri buna təşviq ediblər. Azərbaycan erməni sakinlərin Qarabağda rahat yaşaması üçün ərzaq, su və yanacaq ilə təmin edib, xəstəxanalar salıb. O cümlədən getmək istəyənlərə hər cür lazımı şərait yaradılıb. Ona görə də “etnik təmizləmə” ittihamları tam olaraq əsassız idi”.

Politoloq Vaşinqton və Qərbin Cənubi Qafqaz regionuna bundan sonrakı yanaşmasının necə olacağından danışıb:

“ABŞ Dövlət Departamenti Konqresdəki erməni lobbisinin üzvlərindən, Fransa hökumətindən fərqli olaraq daha neytral yanaşma sərgiləyir. Regionda yaranmış yeni reallıq Qərb dövlətlərini məcbur edir ki, prosesə fərqli prizmadan baxsınlar. İstər Vaşinqton və Brüssel, istərsə də Kişinyov sammitində əsas tələb Azərbaycanın ərazi bütövlüyünün tanınması, ermənilərin hüquq və təhlükəsizliyinin qorunması idi. Burada ermənilərin hüquq və təhlükəsizliyinin qorunması adı altında oradakı əhaliyə status, inzibati idarəetmə forması və s. kimi bir şey verilməsi nəzərdə tutulurdu.

Düşünürəm ki, bölgədəki yeni reallıq, ermənilərin Azərbaycan ərazisini könüllü olaraq tərk etməsi Qərb ölkələrini prosesə yenidən baxmağa məcbur edəcək. Erməni əhali Qarabağda qalmadığına görə burada onlar üçün hər hansı statusdan söhbət gedə bilməz. Artıq ABŞ və Qərb məsələnin Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyimizin bərpası çərçivəsində həllinə çalışacaqlar”.

Ayşən Mustafa
Globalinfo.az