Uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün hansı addımlar atılmalıdır?

Bütün dövrlərdə orta və yaşlı nəsil insanlar gənclərə tənqidlə yanaşırlar. Onlara əvvəlki zamanları misal çəkirlər. “Bizim dövrümüzdə ağsaqqala hörmət vardı”, “O vaxtlar gənclər daha tərbiyəli davranırdı” və s. sözlər danışırlar. İddia olunur ki, indiki gənclər aqressivdir, pis vərdişlərə meyllidir, böyük-kiçik yeri bilən deyillər. Doğrudanmı fərq bu qədər çoxdur? Ümumiyyətlə, uşaqların, gənclərin fiziki və mənəvi inkişafı üçün hansı addımlar atılmalıdır? Onları pis vərdişlərdən (zorakılıq, narkotik, şiddət) necə uzaq tutmaq olar?

Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, bu gün hamı keçmişlə indini müqayisə etməyə meyllidir:

“Deyirlər ki, “biz keçmişdə belə idik, bu gün bir az fərqlidir”. İndi texnologiya əsridir. Ümumiyyətlə, düşünürəm ki, uşaqların mənəvi tərbiyəsi, fiziki cəhətdən inkişafı daha çox onun yaşam tərzinə bağlıdır. Amma mənəvi cəhətdən formalaşması, pis vərdişlərdən uzaq tutmaq üçün əlbəttə ki, düzgün məlumatlar paylaşmaq lazımdır. Çünki bu gün uşaqlar, yeniyetmələr, gənclər sosial şəbəkələrdədir. Ona görə ki, onlar texnologiya dövrünün uşaqlarıdır”.

Kəmalə Ağazadə

K.Ağazadə deyib ki, sosial şəbəkələri, bu tip platformaları öz xeyrimizə inkişaf etdirsək, gənclərə böyük bir tövhə vermiş olarıq:

“Bu gün bəzi gənclərimiz sosial şəbəkələrdə nələri təbliğ edirlər?! “A.U.E” filan tipli şeyləri. Amma bunların bir qadağaları olarsa, o cür görüntülərin yerinə düzgün, nüfuzlu, ictimaiyyətdə tanınmış insanların canlı yayım açmaları, bu barədə maarifləndirici söhbətlər aparmaları, uşaqlara tövsiyələri, məktəblərdə, kolleclərdə davamlı olaraq görüşlər keçirmələri əlbəttə ki, öz nəticəsini vermiş olacaq. Düşünürəm ki, burada maariflənməyə çox böyük ehtiyac var”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Zaira Akifqızı
Globalinfo.az