Ermənistanın təxribatları davam edir – Önümüzdə mühüm missiya var

Ölkələr öz gələcəyi, inkişafı üçün gənc nəslə ümid bəsləyir. Gələcəyin qurucusu olan gənc nəslin sağlam təfəkkürdə yetişdirilməsinə xüsusi həssaslıq və diqqətlə yanaşılır. Vətəni qorumaq, sevmək, sədaqətli olmaq əsas mövzulardandır.

Müharibənin başa çatmasına, ölkəmizin suverenliyinin bərpa edilməsinə baxmayaraq, son günlər Azərbaycan Ordusunun bəzi mövqelərinin Ermənistan tərəfindən intensiv atəşə tutulduğu barədə məlumatlar alırıq. Görünür, ölkəmizin qələbəsini, uğurlarını qəbul edə bilməyənlər təxribatlar törətməkdə davam edəcəklər.

Maraqlıdır, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində hansı əsaslı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, qarşımızda duran əsas vəzifələrdən biri gənclərimizin sağlam, vətənpərvər ruhda böyüdülməsidir:

Ceyhun Məmmədov

“Müharibə bitsə də, rəsmi İrəvan təxribatçı addımlar atmaqda davam edir. Ermənistanın yeni hədəfləri, planları və məqsədləri var. Ona görə də bizim qarşımızda çoxyönümlü missiyalar var. Bu missiyaların, hədəflərin öhdəsindən layiqincə gəlmək üçün çalışırıq. Həmin istiqamətlərdən biri də gənclərin vətənpərvər ruhda yetişdirilməsidir. Bunun üçün orta məktəblərdə ciddi iş görülməlidir. Gənclərin dil biliyi, müasir elmlərə yiyələnməsi olduqca əhəmiyyətlidir. Bu istiqamətdə hər bir insan çalışmalı, prosesə töhfə verməlidir”.

Siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, milli-mənəvi dəyərlərin və vətənpərvərlik hissinin aşılanması müxtəlif istiqamətlərdə həyata keçirilir:

“Təhsil də bunun bir qoludur. Əslində, cəmiyyətin bütün sahələrində milli vətənpərvərlik hissini prioritet kimi götürməliyik. Xüsusilə də indiki həssas məqamda. Ermənistanla müharibənin bitməsinə baxmayaraq Azərbaycana qarşı Qərbin qeyri-obyektiv davranışlarının, dünyada islamofobiyanın davam etdiyi, rəsmi Bakının qələbəsinin həzm olunmadığı, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin hələ də qəbul edilmədiyi bir vaxtda bu, əhəmiyyətli nüansdır”.

Kənan Novruzov

Siyasi şərhçinin fikrincə, müvafiq qurumlar məsələ ilə məşğul olmalıdır:

“Təhsil, idman, səhiyyə və digər sahələrə xüsusi diqqət ayrılmalıdır. Müxtəlif idman yarışlarının keçirilməsi, gənc nəsildə mədəniyyətin, ədəbiyyatın təbliği son nəticədə vətənpərvərlik hissinin aşılanmasına xidmət edir. Məsələn, idmançı başa düşür ki, ölkəsinin bayrağını dalğalandırmaq üçün mübarizə aparır. Təcrübə göstərir ki, idmançı gənclərdə milli vətənpərvərlik hissləri daha yüksəkdir. Eyni zamanda mədəniyyətlə, milli ədəbiyyatla məşğul olan şəxslərdə milli kimlik, milli şüurun formalaşmasına təkan verir.

Orta məktəblərdə tədris olunan gənclərin çağırışaqədərki hərbi hazırlığı fəninin də vətənpərvərlik hissinin aşılanmasında böyük rolu var. Ali məktəblərdə də bu istiqamətdə işlər aparılmalıdır. Müxtəlif sosial layihələr, tədbirlər, qazilər, veteran hərbçilərlə görüşlərin keçirilməsi və s. buna misaldır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

Safura Bənnayeva
Globalinfo.az