Ukrayna müharibəsi haqda bədbin proqnoz – NATO Kiyevə kapitulyasiya təklif edir, sonra isə…

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda gözlənilməz yenilik baş verib. Belə ki, Ukraynaya NATO-ya üzvlüyü qarşılığında ərazilərinin mübadiləsinə getmək təklif edilib. Rəsmi Kiyev məsələyə isti baxmasa da dəstək aldığı Qərbdən belə bir təklifin gəlməsi Ukraynanı çətin seçim qarşısında qoya bilər.

Maraqlıdır, Ukraynanın NATO-ya üzvlüyü qarşılığında ərazi mübadiləsi təklifi nə dərəcə realdır? Ukrayna tərəfi bununla razı olacaq? Zelenski hökuməti müqavimət göstərsə, ABŞ və müttəfiqləri hansı tədbir görəcək?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Murad Sadəddinov deyib ki, Ukraynaya NATO-ya üzvlüyü qarşılığında ərazilərinin mübadiləsinə getmək təklifi sadəcə bir iddiadır:

Murad Sadəddinov

“Belə ki, NATO rəsmisi təşkilatın baş katibinin ofisinin rəhbəri Stian Jensen jurnalistlərin sualını cavablandırarkən demişdi ki, hazırda gündəlikdə belə bir mövzu var. Lakin bu təklif kimi tərəflərə verilməyib. Məlum olduğu kimi hazırda sülh prosesinə dair bir çox təklif irəli sürülüb. Bu təkliflərin bir çoxu hələ müzakirə mərhələsindədir. Stian Jensenin bu fikrini sadəcə jurnalistlər təhrif edərək dərc edib. Daha sonra o, yenidən mətbuat konfransında bu iddianın doğru olmadığı fikrinin bu cür təqdim edildiyindən təəssüf hissi duyduğunu bildirib.

O ki qaldı rəsmi Kiyevin bu tipli ehtimal bir təklifə verəcəyi cavaba, hesab edirəm Ukrayna üçün ərazilərin güzəştə gedilməsi müzakirə mövzu deyil. Rəsmi Kiyev heç vaxt bu variantla razılaşmayacaq.

Prinsip etibarilə müharibədən əvvəl Kiyev işğal edilən ərazilər ilə barışa və daha az itkilər ilə prosesi sonlandıra bilərdi. Lakin bu variantla barışmadığı üçün Ukrayna müharibəsi başladı. Artıq iki ildir ki, müharibə davam edir. Ukrayna əraziləri dağılıb, itkilər olub. Bu qədər baş verəndən sonra nə ukraynalı rəsmilər, nə də xalq bu şərtlər altında sülhə razı ola bilməz”.

Politoloq Ukrayna Prezidenti Volodimir Zelensikinin Qərbin təklifləri ilə razılaşmayacağı təqdirdə öldürülməsi ssenarisi haqda da danışıb:

“Rusiyadan fərqli olaraq Ukraynada prezidentin mövqeyi heç nəyi dəyişmir. Misal üçün, Rusiya prezidenti bu gün ölsə, Kreml üçün bu fəlakət ilə nəticələnə bilər.

Ümumiyyətlə Qərb hazırda sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Lakin bunu hər iki tərəfin maraqları çərçivəsində etmək istəyir. Yəni Rusiyanın indiki mərhələdə məğlub olması Qərb üçün məqbul deyil. Çünki belə olan halda daxildə çaxnaşma yarana, nəzarət edilə bilməyən qüvvələr hakimiyyətə gələ bilər. Bu isə nüvə ölkəsi olan Rusiyanın daha böyük potensial təhlükəyə çevrilməsi deməkdir”.

Turan Rzayev
Globalinfo.az