Gərginlik pik həddə: gizli savaşın görünməz üzü – Mehri variantı nədir?

“İran və ABŞ Cənubi Qafqazla bağlı ənənəvi siyasətini işə salıb. İki ölkə arasında yarım əsrdən artıqdır fikir ayrılığına səbəb olan və müharibə həddinə çatdıran məsələlər arasında İranın terroru dəstəklədiyi iddiası, girov böhranı, 1953-cü il çevrilişi ilə seçilmiş Məhəmməd Musaddiq hökumətinin devrilməsi, nüvə proqramı, İraq-İran müharibəsində Səddama dəstək, İsrailin varlığı və ya xəritədən çıxarılması, ABŞ-ın iqtisadi sanksiyaları və enerji marşrutu olduğu kimi, Cənubi Qafqazda mübarizə faktoru da var”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənaninin ABŞ-Azərbaycan gərginliyi haqda sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu kimi konfrontasiyalardan hər iki tərəfin faydalandığı aydındır:

“İran administrasiyası uzun illərdir ki, mövcudluq fəlsəfəsini anti-ABŞ prinsipləri üzərində qurub və uzun illər bundan faydalanıb. Həmçinin İranla gərginlikdən sonra ABŞ-ın da neftlə zəngin Körfəz ölkələrinə silah satmaq imkanı olub.

Züriyə Qarayeva

Hazırda Cənubi Qafqazda Azərbaycanın yeni siyasi reallıq yaratması hər iki dövləti yaxından maraqlandırır. Xüsusən Zəngəzur dəhlizi ilə bağlı maraq toqquşması Tehran və Vaşinqton arasında gərginliyi pik həddə çatdırır. İran dəhlizin onun ərazisindən keçməsini, ABŞ isə Ermənistandan keçərək Rusiyanın iştirakı olmadan işləkliyini arzu edir. Lakin Vaşinqtonun bu istiqamətdə strateji yalnışlığa yol verdiyinin şahidi ola bilirik. Belə ki, Mehridən keçəcək dəhlizə Rusiyanın nəzarətinin olmaması üçün əvvəla Ermənistan müstəqil ölkə olmalı, Kremlin orbitindən kənarlaşmalıdır. Bunun üçün isə İrəvanın tək yolu Bakı və Ankara ilə hesablaşmaqdır. Blokada vəziyyəti davam etdikcə iqtisadi destruktivlik də aradan qalxamayacaq. İqtisadiyyat inkişaf etmədikcə isə Moskvanın rıçaqları hər zaman İrəvanın üzərində sabit qalacaq”.

Turan Rzayev
Globalinfo.az