Sülh qatili İranın bölgədə təsirini azaltmağın yolları – Fransa ilə birləşib…

İran bölgədə sülhə hətta Rusiya və Ermənistandan da böyük təhdiddir. Tehran Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmasına ciddi əngəllər törədir. Avropadakı gizli-aşkar müttəfiqi Fransa ilə birləşib, sülhün baş tutmasına imkan vermirlər. Hazırda bu iki ölkə Ermənistanı ciddi şəkildə dəstəkləyir, bununla da ona güc verirlər.

Belə bir vəziyyətdə Azərbaycan və bölgədə sülhün olmasına çalışan mərkəzlər nə etməlidirlər? Kifayət qədər gərgin və mürəkkəb bir vəziyyətdə hansı qərarlar verilməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov bəzi qüvvələrin Brüssel formatına mane olmağa çalışdıqlarını bildirib:

“Ermənistanla şərti sərhəddə, Basarkeçər rayonunun Zod kəndi istiqamətdə təxribatın baş verməsi, şəhidimizin olması üzücüdür. Azərbaycan regionda sabitliyin tərəfdarıdır, sülhün əldə olunmasına çalışır. Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində mühüm görüş keçirildikdən sonra bu həftəsonu iki ölkənin liderləri Brüsseldə görüşəcəklər. Brüssel formatına zərər vurmaq istiqamətində çalışan qüvvələr ötən il buna nail olmuşdular. Lakin Münxen Təhlükəsizlik Şurasında da bu formatın əhəmiyyəti vurğulandı. Belə görünür ki, Vaşinqton diplomatik səyləri ilə Brüssel formatının əhəmiyyətinə diqqət çəkir. Burada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşəcəklər. Lakin görüş öncəsi proseslərdə bir zəmin üzərində heç də təhlükəsizliyin, sülhün və sabitliyin dayanıqlı olmadığını müşahidə edirik. Sülh çox kövrəkdir, hər zaman gərginlik və eskalasiya yarana bilər”.

Politoloq qeyd edib ki, iki ölkə arasında sülhün təmin olunmasına vasitəçilik edən qüvvələr sadəcə öz mənfəətlərinə xidmət edirlər:

“Regionda sülhü pozmaq istəyən qüvvələr yenidən aktuallaşır. Diplomatik sahədə mübarizə getdiyini xüsusilə vurğulamaq lazımdır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin kimin vasitəçiliyi ilə harada imzalanması uğrunda mübarizə gedir. İstənilən halda bu vasitəçilik imkanları sülhün gücləndirilməsinə xidmət etməlidir. Amma hazırkı mənzərədə vasitəçilərin sadəcə öz maraqlarını təmin etməyə çalışdıqlarını görürük. Onlar bölgədə sülhün təmin edilməsi istiqamətində səylərini birləşdirməlidirlər. Amma təəssüf ki, bu mübahisənin daha da genişləndiyini və amansız xarakter aldığını müşahidə edirik”.

Ayşən Mustafa
Globalinfo.az