Səfəvilər İmperiyası haqda 18+ iddialar – Tarixçi sensasion faktları açdı

Səfəvi hökmdarlarının sarayında türk dili

Yazıçı, şair Aqşin Yenisey Səfəvilər İmperiyasının dağılmasına Səfəvi elitasının seksual pozğunluğunun səbəb olduğunu iddia edib. O bildirib ki, Səfəvilər haqqında yazılan bütün mənbələrdə bu səbəb ən başda qeyd olunur.

Sitat:

“Səfəvi şahları, şahzadələri aylarla hərəmxanalardan çıxmırdılar. Nəticədə Lut qövmünün başına gələnlər Səfəvi dövlətinin başına gəldi: ifrat seksual həzz düşkünlüyü dövlət əxlaqını çürütdü və bu dəfə tanrı deyil, tarix vaxtilə Sodom şəhərinin başına yağan daşları Təbrizin başına yağdırdı”.

Mövzunu Globalinfo.az-a şərh edən tarixçi alim, dosent Zaur Əliyev deyib ki, Səfəvilər tarixi dünyanın bir sıra aparıcı universitetlərində çox dərindən tədqiq və tədris obyektidir.

Onun sözlərinə görə, Kembric, Edinburq, Stənford, Prinston, Oksford və bir çox başqa elit kateqoriyadan olan universitetlər bunların sırasındadır:

“Əlbəttə ki, bu prosesdə də, tarixən olduğu kimi, erməni və fars mənşəli alimlər ən mühüm rollardadır. Səbəb isə sadədir – Türk-Azərbaycan kimliyini gözdən salmaq, tariximizə böhtanlar atmaq. Əsas məqsəd isə Səfəvi dövlətində “seks” faktoruna diqqət çəkmək, yəni erməni, tacik və başqa xalqların oynadıqları “qurucu rolu” fikrini yaradıb, beyinlərə yerləşdirməkdir.

Qeyd etmək lazımdır ki, Səfəvilər dövlətinə aid bu tərz tədqiqat yalnız erməni və qatı fars-tacik mənşəli alimlərə aid deyil, demək olar ki, Qərb alimlərinin çox hissəsinin bu fikirlərə istinad etdiyini müşahidə edirik. Bunlardan Katrin Babayan, Susan Babaie, Ina Baghdiatz McCabe, Edmund Herzig, Willem Floor, Roger Savoury, David Ayalon və bir çox başqalarının adını çəkmək olar. Bunları birləşdirən isə bir faktor var – Səfəvi-Türk kimliyi barədə həqiqətlər gizlədilsin! İnanın, ciddi alimlər oturub bunların əsərini təhlil edərkən eyni dəsti-xətti görür. Bu mövzuya aid klişelər, təkrarlanan və bir-birindən kopyalanmış fikirlər, hətta çox vaxt eyni səslənən cümlələrə tez-tez rast gəlinir. Lakin bu təhrifləşdirmə üslubu bu gün yaranmayıb. Bunun yaranış tarixinə baxsaq, görərik ki, xristian missionerləri və Vatikanın buraya göndərilən nümayəndələrinin fəaliyyəti məhz erməniləri, eyni zamanda onlarla eyni kökdən olan fars-tacikləri burada gücləndirmək və gələcək məkrli planlarında istifadə etmək olub”.

Zaur Əliyev

Z.Əliyev qeyd edib ki, Şah İsmayıl Səfəvinin qurduğu bu dövlət barədə yazanların əsərlərinə, əslində, tariximizin təftişçilərinin istifadə etdiyi faktlara, həmçinin “arxiv sənədlərinə” də diqqət yertirməyə ehtiyac var:

“Arxivdən tapılan hər sənədə arxayın olmaq olarmı? Xeyr! Ona görə ki, arxivlər də “müdaxilədən” sığortalanmamışdır. Çoxunun Şah İsmayılla əlaqədar istifadə etdikləri mənbələr ciddi təhlil edilmir. Mənbənin və ya mənbələrə müdaxilə sayəsində mövcud olan sənədin elmi dəyəri axıradək dəyərləndirilmir! Yanlış mənbələrə əsasən aparılan “tədqiqat” səhv nəticələr alınması ilə nəticələnir. Tarixi həqiqət daha da dolaşdırılır, aydınlaşdırmaq imkanı daha da azalır. Özü də fikir verin, bu barədə yazanlar istinad kimi hansı “mənbələrə” müraciət edirlər: Ağa Camal Xansari, Asəf Rüstəm Əl-hokamə, Qəzvini, Hakim Arzani, Hüseyni, Tonəkaboni, Deilami, Vaez Kaşefi Sabzevari, Vasefi – hamısı da fars-tacik-ari idealogiyasının xidmətçiləridir. İndi isə saxta bir fikir ortaya atıblar. “Səfəvilər imperiyasının dağılmasına Səfəvi elitasının seksual pozğunluğu səbəb olub”. Bu fikri ortaya atanlar özlərinə elə “əmindirlər” ki, elə bil Azərbaycan alimləri bunu bilmirlər, amma yanılırlar. Bu yalançı və saxta tarixə elə Avropanın öz alimləri cavab verir.

Britaniyalı tarixçi, əsərlərini sırf orijinal qaynaqlarla işləyən Sussan Babaie 2004-cü ildə Londonda nəşr etdiyi “Şahın qulları: Səfəvi İranının Yeni Elitaları (Slaves of the Shah: New Elites of Safavid Iran.)” kitabında bu barədə yazır: “Səfəvilərin əsas qulları erməni, gürcü, çərkəz, slavyan, hindli və afrikalılar idi. XVII əsrdə Səfəvi dövlətində seksual və etnik cəhətdən marjinal qruplar onlar idilər”. Məncə, bu kifayət edər ki, ittihamın saxta olmasına əmin olaq”.

Dosent bu saxtakarlığı irəli sürənlərə müraciət edib:

“O dövrə aid tikili, yaxud məkan göstərin ki, həmin yerdə hansısa bir seksual xidmət göstərilib. Əgər olubsa, demək, hansısa bir məkanı qalmalıdır da. Ən azından xarabalığı ola bilər. Göstərə bilərsiniz? YOX! Göstərə bilməzlər. Çünki olmayıb elə bir şey. Şah İsmayılın özü sarayında göbək rəqslərinə qadağa qoyub və bunu bütün qaynaqlar yazırsa, o zaman bu saxta ittihamlar nəyə lazımdır?!

Səfəvi ruhanilərinin ilahiyyatçılarla, həm də öz aralarında çox müxtəlif məsələlərlə bağlı apardıqları diskussiyalar, onların etikası, davranış tərzi, tətbiq etdikləri ayin və mərasimlər və s. barədə yüzlərlə qaynaq var. Bu cür müzakirələr aparılan bir sarayda hansı seksual pozğunluqdan danışmaq olar? Dövlətin süqutu isə Osmanlıların hücumları və buna qarşı duracaq kifayət qədər güclü ordunun olmaması idi. Sadəcə, bir fakt yazacam, Təbriz hamamlarının birində türk zabiti qətlə yetirildi deyə Osman paşa şəhər əhalisini bir nəfər kimi məhv etməyi əmr etdi. Gün ərzində 15-20 min nəfər öldürüldü, Təbriz ölü şəhərə çevrildi. Bu cür qəddarlıq və qırğınlar baş verən ölkədə orduya yeni qüvvə toplamaq çox çətin idi.

Aqşin Yenisey

Osmanlılar bizi ittiham edirlər ki, guya Səfəvi saraylarında şahların başı hərəmlərə qarışıb. Amma o dövrdə Sultan Süleyman barədə olan qaynaqlar yazırlar ki, özü aylarla hərəmdən çıxmırdı, Hürrəm sultana şeir yazırdı, oğlu Mustafa atasının yanına gəlib ölkəyə başçılıq etməsini xahiş edəndə hərəmləri Sultanı inandırırlar ki, oğlu üsyan edir ona qarşı. O da öz oğlunu boğdurub öldürür. Bunu da yazsınlar da həmin Osmanlı tarixçiləri!

Z.Əliyevin sözlərinə görə, 1586-1589-cu illərdə tədricən bütün Azərbaycan Sultan III Muradın ordusu tərəfindən zəbt olundu:

“Səfəvilər ərazinin qalan hissəsini itirməmək üçün sultanın təklif etdiyi ağır sülh şərtləri ilə razılaşmalı oldular. 1590-cı il İstanbul sülhünə görə, Azərbaycandan əlavə, nəinki Gürcüstan, habelə, İranın qərb vilayətləri (Nəhavənd, Luristan və Şəhrizur) Osmanlıya verildi. Azərbaycan aramsız müharibələr nəticəsində dağıdılmış, ölkənin iqtisadiyyatı pozulmuşdu. Osmanlı feodallarının ölkəni idarə etdikləri iyirmi il ərzində Azərbaycanın var-dövləti talan edildi, iqtisadi həyatı tam tənəzzülə uğradı. Buna görə də Səfəvi dövləti süquta uğradı, məhv olmaqda olan Azərbaycanı isə Nadir şah yenidən diriltdi və böyük Əfşar İmperiyasını qurdu. Amma unutmasınlar, Xanədan həmin xənadandır indi də.

Deyin bunu İblisə,
O gün niyə gülmədi?
Çünki o da bilirdi,
Qızılbaşlar ölmədi…

Zaira Akifqızı
Globalinfo.az