Alimpaşa Məmmədovun məhkəmədəki etirafları onu xilas edə bilər, amma… – Hüquqşünas rəyi

Şəmkir rayonunun sabiq icra hakimiyyəti başçısı Alimpaşa Məmmədov son məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlarla razılaşdığını deyib. Sabiq başçı bildirib ki, irəli sürülən ittihamları qəbul edir.

Onun bu etirafı cəzasının azaldılmasına kömək edəcəkmi? Sabiq başçı bu sözləri bilərəkdən işlədib?

“Alimpaşa Məmmədovun cinayətini etiraf etməsi həmin cinayətin başqa dəlillərlə sübut edilməsini istisna etmir. Həmin əməl digər dəlil- sübutlarla öz təsdiqini tapmalıdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib.

O bildirib ki, təqsirini etiraf etmək məsuliyyətdən azad olmaq anlamına gəlmir:

“Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Maddənin aşağıdakı bəndlərində cəzanı yüngülləşdirən hallar ayrı-ayrı kateqoriyalarda göstərilmişdir:

59.1.10-cu maddədə şəxsin könüllü gəlib təqsirinietiraf etməsi, cinayətin açılmasına, digər iştirakçıların ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi;

59.1.13-ci maddə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması;

59.1.14-cü maddə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. Həmçinin Cinayət Məcəlləsinin 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda, cəzanın təyin edilməsi nəzərdə tutur.

60.1-ci maddə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”.

Hüquqşünas Elçin Sadıqov isə bildirib ki, cinayətin etiraf edilməsi cəzanı yüngülləşdirən halların içərisinə aiddir:

“Cinayətin etiraf edilməsinə həm də daxili peşmançılıq səbəb olmalıdır. Əgər cinayətin etiraf edilməsi və səmimi peşmanlığın çəkilməsi halı varsa, bu artıq cəzanı yüngülləşdirən haldır. Amma bu məsələ cəzadan azadetmə hallarına aid deyil. Ona qarşı irəli sürülmüş ittihamlar məhkəmədə öz təsdiqini tapdığı halda ittiham hökmünün verilməsi və cəza təyin edilməsi qaçılmazdır. Sadəcə olaraq cinayətin etiraf edilməsi cəzanı yüngülləşdirmək məqsədi daşıyır”.

Zaira Akifqızı
Globalinfo.az