Rusiya hərbi bazasının Ermənistandan çıxdığı tarix açıqlandı – Fransa Qafqaza girə biləcəkmi? 

Rusiyalı hərbi ekspert İqor Korotçenko deyib ki 2024-cü ilin sonuna qədər Gümrüdəki Rusiya hərbi bazası bağlana bilər. O bildirib ki, əvəzində Fransa hərbi bazasını orda yerləşdirməklə bağlı İrəvanın qərar verməsi mümkündür. 

Ermənistandakı Rusiya sərhədçilərini də eyni aqibətin gözlədiyi bildirilir. Uzun müddətdir, bu, müzakirə olunan mövzu idi. Lakin Ermənistan Baş naziri Nikol Paşinyan son çıxışında belə məsələnin gündəmdə olmadığını söyləmişdi.

İndiki siyasi şərtlərdə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mümkün olarmı? Rusiya bu istəyə necə reaksiya verər?

Globalinfo.az-a danışan politoloq Şəbnəm Həsənova deyib ki, Qərb-Rusiya savaşı daha kompleks hal almağa başlayır:

“Nikol Paşinyan parlamentdə “Ermənistan hakimiyyəti lazım bildiyi zaman KTMT-dən çıxacaq”  demişdi. Bununla da bu məsələyə eyham vurmuşdu. Ermənistan müdafiə nazirinin birinci müavini Edvard Asryanın Fransanın Quru Qoşunlarının komandanı Pyer Şillə görüşünü də xatırlayırıq. Görüşdə xüsusilə təcrübə mübadiləsi və kadr hazırlığı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdi.

Başqa və əsas amil Ukrayna ilə bağlıdır ki, bu da Fransanın Ukraynaya verəcəyi “Mirage-2000” qırıcı təyyarələri üçün pilotlara təlimlərin keçilməsidir. Deməli, əsas məsələ fransız ab-havasının anti-Rusiya cəbhələrində əsdirilməsidir. Lakin əsas sual budur ki, Fransanın Cənubi Qafqazda hərbi baza ilə təmsil olunmasına gücü çatarmı? Makronun arzuları fonunda reallıq və statistika fərqli şey diktə edir. Belə ki, Fransa Ukraynaya uzağı altı “Mirage 2000” qırıcısını ötürə bilər. Daha çox dəstək üçünsə müttəfiqlərinə müraciət etməlidir. Çünki altı döyüşçü təyyarə  Ukraynanın heç bir yarasını sağaltmayacaq”.

Şəbnəm Həsənova

Politoloqun fikrincə, məsələni maraqlı edən bu prosesi yalnız Fransa mediasının işıqlandırmasıdır:

“Fransanın xarici siyasəti onun daxili siyasətində də dərin çatlar əmələ gətirib. Üstəlik o faktı da vurğulayaq ki, Makronun Ukraynaya qırıcılar ötürmək canfəşanlığı Ukraynanı güdaza verərək qəsdən yaradılan insan fəlakətinə həssaslığından qaynaqlanmır. Hər şeydən əli üzülən Makron ona ümid edir ki, Ukrayna-Rusiya siyasi oyununun mərkəzində qalmaqla əslində özünü həm gündəmdə saxlayacaq, həm də bununla xal qazanacaq. Orduda real faktlardan biri də odur ki, bir əsgəri formalaşdırmaq zaman tələb edir, o ki qaldı bu təyyarələri idarə etmək üçün ukraynalı pilotların təlim keçmək məqsədilə Fransaya getməsi, ordan Ukraynaya tətbiq üçün geri qayıtması. Deməli, Fransanı qabağa verərək Qərb yenə də ən azından il sonuna qədər uzatmalara gedir”.

Şəbnəm Həsənova qeyd edir ki, Paşinyanın yetişdirildiyi məktəb bunu tələb edirsə, missioner olaraq sadiqliyini göstərməli, verdiyi sözləri də unutmalı deyil:

“Bu baxımdan Fransa ilə hərbi sahədə əməkdaşlığı inkişaf etdirməyə çalışır. Lakin Ukraynanın aqibəti və İrəvan küçələrindəki proseslər Paşinyanı son dərəcə ehtiyatlı davranmağa sövq edir. Üstəlik Türk dünyasının birləşməsi, möhkəmlənməsi sadəcə Ermənistandan deyil, başqa regional və qeyri-regional aktorlardan da təmkinli yanaşma tələb edir. Fransanın regiona müdaxiləsinin qarşısı istənilən yolla alınmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az