Azərbaycanda burada çalışanlar özləri ödəniş edəcəklər – Məbləğ

İki gün öncə Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında, daha sonra “Qış Parkı” və “Azadlıq Meydanı”nda parkinq qiyməti artırılıb. Verilən qərar ictimaiyyətdə müzakirələrə səbəb olub.

Narazılıqlar fonunda sürücülərə hər hansı güzəşt olunacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, parkinqlərin idarə edilməsinin özü ayrıca ağır bir mexanizmdir.

Ekspertin sözlərinə görə, vaxtilə parkinqlərin tikilməsinə, təmir olunmasına böyük miqdarda pul xərclənib:

“Bu gün həmin parkinqlərin qorunması da ağır başa gəlir. Təsəvvür edin, təkcə “Qış Parkı”nda 47 havalandırma sistemi çalışır. Eyni zamanda orada qrunt sularının atılması sistemi quraşdırılıb, yeraltı sular oradan çıxır. “Azadlıq Meydanı”nda da vəziyyət eynidir. Orada da nə qədər işçi heyəti, işıqpulu, supulu və s. digər xərclər var. Məndə olan məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bunların hamısının hesabatını aparır və baxdıqda görür ki, parkinq ziyana işləyir. Məsələn, 12 və ya 24 saatlıq parklanma bir çox özəl parkinqlərdə olduqca bahadır. Həmin ərazilərdə parklanmanın aylığı 200-250 manat civarındadır. Ona görə də bu məsələlərlə bağlı müəyyən təhlillər aparılıb və qurum zərərə uğramaması üçün qiymətləri belə tənzimləyib. Bildiyim qədər, hələlik 30 manatlıq “qonşular tarif”i 50 manata çatdırılıb ki, bu da həmin ərazidə yaşayanlar və işləyənlər üçündür. Eyni zamanda, həmin şirkətin nümayəndələri, orada çalışanlar da aylıq 80 və 100 manat aylıq ödəniş etməli olacaqlar. Qiymət belə müəyyənləşdirilib”.

E.Muradlı yerüstü parkinqlərdə güzəşt olmadığını vurğulayıb:

“Hazırda 60-70 qəpikdən hesablasaq, avtomobil sahibi gündəlik 8-10 saat üçün 5-7 manat civarında ödəniş edir. Bunu aylıq iş günü ilə müqayisə etdikdə görürük ki, yenə də yeraltı parkinqlər sərf edir. Həm sakinlər, həm də orada çalışanlar üçün sərfəlidir. Düzdür, qiymətlər hazırkı reallıq üçün bahadır, amma əks tərəf də ortaya əsaslı arqument qoyur ki, bu məbləğ qurumun saxlanması üçün çox önəmlidir. Ola bilər, növbəti mərhələlərdə müəyyən sosial təbəqələri nəzərə ala bilərlər. Eyni zamanda bir müddət sonra bəlkə, insanlar oradan az istifadə edər deyə, qurumlar da məcbur qalıb məsələyə yenidən baxar, qiyməti azaldar ki, vətəndaşlar yenidən ora üz tutsunlar. O boyda strukturu saxlamaq, xərclərini qarşılamaq elə də asan bir məsələ deyil.

Azərbaycan Dəmir Yollarında (ADY) isə dediyimiz kimi, cəmi 72 avtomobilin park edilməsi üçün imkan var. O ərazidə qiymət ona görə baha təyin edilib ki, çox adam gəlib oranı gündəlik parklanma yerinə çevirməsin”.

Ekspert deyib ki, ADY həmin parkinqi boş saxlamağa üstünlük verir:

“Çünki dəmiryolu şəbəkəsindən istifadə edən sərnişinlərin yükləri olur, qatara minir, oradan yüklə düşürlər, onları qarşılamağa, yola salmağa gələn avtomobillər həmin parkinqə rahat girməlidir. Orada ucuz qiymət təyin edib, insanlara sərbəstlik versələr, sabah dəmiryolundan istifadə edən vətəndaşlar narazılıq edəcək ki, niyə ora maşınla daxil ola və ya çıxa bilmirlər”.

Globalinfo.az-a Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, park qiyməti ilə bağlı güzəşt nəzərdə tutulmayıb:

“Bura parkinq ərazisi deyil, sərnişinlərin qarşılanması və yola salınması zonasıdır. Digər səbəblərdən həmin ərazidə fərdi avtomobil saxlayanlar tarif üzrə ödəniş etməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az