“Metroda gedişhaqqını artırmaq üçün ayaqyeri qoyurlar”

metro yeni 11

Paytaxt Bakının ən böyük problemlərindən olan tıxac məsələsi hələ də öz həllini tapmır. Tıxac əvvəl günün pik saatlarında yaranardısa, bu gün istənilən saatda belə bir problemlə qarşılaşmaq mümkündür. Bir çox hallarda aidiyyəti qurumlar insanlara ictimai nəqliyyatdan istifadə etməyi məsləhət görürlər. Lakin bu da mümkünsüz olur. Çünki müəyyən saatdan sonra avtobusların gecikməsi və metroda yaranan sıxlıq səbəbindən əksəriyyət şəxsi avtomobildən və ya taksi xidmətindən istifadə etməyi üstün tutur. Nəticədə tıxac daha da artır. Bu da insanlar arasında gərginliyə və haqlı narazılıqlara səbəb olur. Maraqlıdır, bu problem öz həllini necə tapa bilər?

Mövzunu Globalinfo.az-a şərh edən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, Bakı şəhəri normadan artıq adamın yaşaması üçün hesablanmayıb.

O bildirib ki, bu gün Azərbaycan əhalisinin bəlkə də yarısı Bakıda yaşayır:

“Ona görə də tıxac və sıxlıq əmələ gəlir. Əlbəttə ki, bunun da həlli yolları var. İnanmıram hansısa məmur, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri özləri ictimai nəqliyyatdan istifadə etsinlər. Onlar sıxlığı görmək üçün bir ay metro və avtobuslardan istifadə edib o əziyyəti gördükdən sonra nələrisə düzəldən də deyillər. Həmin şəxslər ictimai nəqliyyatdan istifadə etməyə müvəqqəti cəza kimi baxacaqlar. Müddət bitdikdə isə sevinəcəklər ki, canları bu bəladan qurtuldu. Biz problemin həlli ilə bağlı başqa ölkələrdən nümunə götürməliyik.

tural abbasli 11

Tural Abbaslı

Universitetlərin çoxu mərkəzdə yerləşir. Hər kəs də yaxşı bilir ki, sentyabrda dərs başlayan kimi, müxtəlif yerlərdən, rayon və şəhərlərdən tələbələr paytaxta, məhz mərkəzə axışacaq. Onsuz da bu gün şəxsi avtomobillərin sayı artdığı üçün tıxac da artmış olur. Burada dövlət ən azından ictimai nəqliyyata təşviq etməlidir. Müəyyən güzəştlər olunmalı, ictimai nəqliyyatın gedişhaqları simvolik həddə endirilməlidir, bəlli bir gediş sayından sonra vətəndaşlar üçün xüsusi endirimlər, hətta pulsuz gediş təşkil edilməlidir. Sıxlığın qarşısını almaq üçün insanları ictimai nəqliyyatdan istifadəsi üçün həvəsləndirirlər. Bunlar hamısı sıxlığın qarşısını almaq üçündür”.

T.Abbaslı deyib ki, son 2-3 gündə bilərəkdən metrolarda gedişhaqqının maya dəyərinin 68 qəpiyə olduğunu eşitdirirlər:

“Bu da o deməkdir ki, gedişhaqlarını 50-60 qəpiyə qədər artırmaq üçün ayaq yeri qoyurlar. Ağıllı adam da fikirləşəcək ki, metrodan istifadə etməkdənsə, 3 nəfər taksi sifariş edərlər. Sən insanların rahatlığı üçün komfortu yaxşılaşdırmalı, sürəti artırmalı, intervalı endirməli, qiyməti də azaltmalısan. Azərbaycanda avtonəqliyyat sahəsində yürüdülən siyasət insanları şəxsi avtomobil almağa məcbur edir. Şəhərdə velosiped yollarının olmaması, skuterlərin baha qiymətə kirayəyə verilməsi də insanların işini çətinə salır. Mütləq alternativlər olmalıdır. Kiməsə demək olmaz axı “işə getmə, dərsə getmə, gəzmə” və s. Anlayıram, tıxac olacaq. Amma sən bu tıxacı idarə etməyi bacarmalısan. Buna görə də Amerika kəşf etmək lazım deyil. Cənubi Koreyada, Türkiyədə, Avropanın istənilən böyük şəhərlərində bu nümunələr var. Gördüyüm odur ki, istək yoxdur. İstək olsa, problemli məsələlərin hamısı öz həllini tapar”.

Zaira Akifqızı
Globalinfo.az