Lavrov Azərbaycandan əlidolu yola salınıb – Putinin gözləri Bakıda, qulağı Ankarada

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfəri baş tutdu. Səfər kifayət qədər mühüm məqamlar ilə yadda qaldı. Rusiyanın ən ciddi jesti isə yəqin ki, mərhum Prezident Heydər Əliyevin 100 illik yubileyini keçirməklə bağlı qərarıdır.

Lakin Lavrovun səfəri kifayət qədər sualların da yaranmasına səbəb oldu. Maraqlıdır, Lavrov Bakıya nə ilə gəldi, buradan hansı siyasi baqajla getdi?

Rusiya ilə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu demək mümkündürmü?

Rəsmi Moskva hazırda Azərbaycan vasitəsilə regionda siyasi varlığını qorumağa çalışır?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Züriyə Qarayeva deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri bundan öncəki onlarla səfərdən daha çox əhəmiyyət daşıyır:

Züriyə Qarayeva

“Ermənistanla münasibətlərin pozulduğu bir vaxtda mütləq ki, Lavrov qovluğunda önəmli təkliflər gətirib. Qovluqda mütləq ki, həm sülhməramlılar, həm regional, həm də geostarteji məsələlər yer alıb.

Bu dəfəki səfəri Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində deyil, elə məhz Rusiya-Azərbaycan əlaqələri kontekstində dəyərləndirə bilərik. Ermənistanla aralarında soyuq küləklərin əsdiyi bir vaxtda Bakı ilə əlaqələrin yeni səhifəsini açmaq istəyi gözləniləndir. Çünki Rusiya üçün həyati önəm daşıyan Cənubi Qafqaz təhlükə altındadır. Bölgədə uzun illərdən bəri hərbi varlığını qoruyan Rusiya bu gün alternativ güclərlə qarşı-qarşıyadır.

Avropa İttifaqı missiya qrupu monitorinq adı ilə hərbi qüvvələrini Ermənistanla Azərbaycanın şərti sərhədlərinə yerləşdirib. Bu addım İrəvanın Moskvaya soyuq savaş elanıdır. Bölgədə Rusiya əleyhinə arxa cəbhənin açılması deməkdir. Bunlardan əlavə, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Qərb bir addım önə gəlməyi bacarıb.

İrəvan tamamilə Qərbyönümlü siyasət yürüdür. Bakı isə Brüsselin moderatorluq imkanlarını yüksək qiymətləndirir. Bu durumda Lavrovun səfəri proseslərin gələcək dinamikası üçün xüsusi rol oynaya bilər. Çünki indiki reallıqda vasitəçilik imkanlarını tarazlaşdıra biləcək tək ölkə Azərbaycandır. Hesab edirəm, Kreml tərəfindən tarazlaşmanı təşviq edəcək addım da atıldı. Vardanyanın istefaya göndərilməsi İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında ifadə etdiyi tələbinin qarşılığı idi”.

Politoloq Zaur Məmmədov isə bildirib ki, Azərbaycana səfəri fonunda mətbuata açıqlamasında Sergey Lavrov bir çox məsələyə toxunsa da Qarabağda baş verən son hadisələr, Laçın dəhlizi və sülhməramlılar mövzusuna toxunmadı:

Zaur Məmmədov

“Lavrov Bakıya səfərini Azərbaycan və Rusiya arasında “müttəfiqlik səviyyəsinə qaldıran” sənədin imzalanmasının ildönümü münasibətilə baş tutduğunu qeyd edib. Lakin məlum məsələdir ki, əsl məqamlar heç də bəyan edildiyi kimi deyil.

Ötən ilin fevralın 22-si Rusiyanın Ukraynada müharibəyə başlamasına saatlar qalmış Azərbaycan və Rusiya arasında imzalanmış sənəd məlum məsələdir ki, cənab Prezidentin uzaqgörənliyini ortaya qoydu. Həmin vaxt müharibənin taleyi bilinməyən və Qafqazın mümkün hərbi təhdid qarşısında qaldığı bir fonda imzalanan bu sənəddə Azərbaycanın suverenliyi, müstəqilliyi, sərhədlərinin toxunulmazlığı Rusiya tərəfindən qəbul edilir. Ən əsası isə sənəddə tərəflər arasında ziddiyyətlər yarandığı zaman güc tətbiqetmə (hərbi müdaxilə) rədd edilir. Region ətrafında baş verənlər və Rusiyanın qonşu ölkələrlə məlum praktikasına nəzər saldıqda, sözsüz ki, Bəyannamə Azərbaycan Prezidentinin nə qədər uzaqgörən və çevik siyasi xadim olduğunu bir daha sübut edir.

O ki qaldı dünən və bu gün müzakirəsi nəzərdə tutulan məsələlərə, Azərbaycan və Rusiya arasında həmişə olduğu kimi ən böyük müzakirə mövzusu məhz Ermənistanla, daha doğrusu Qafqazdakı “erməni məsələsi” ilə bağlıdır.

Yəqin ki, üçtərəfli Bəyanatda Azərbaycan və Rusiyanın fikirlərinin üst-üstə düşdüyü ən əsas müddəa məhz kommunikasiyalarla bağlıdır. Həm Bakı, həm Moskva dəfələrlə Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd ediblər. Lakin son iki ildə Ermənistan tərəfinin davranışı Zəngəzur kimi vacib geosiyasi əhəmiyyətli dəhliz ətrafında regional və beynəlxalq güclər arasında rəqabəti bir qədər də artırdı. Ermənistan və Qərbin istəyi yolda giriş-çıxışın Rusiya tərəfindən deyil, məhz Ermənistan tərəfindən təmin olunmasıdır. Məhz Paşinyanın 2 il müddətində vaxtı uzatması hələ də Zəngəzur dəhlizinin açılmasına imkan verməmişdir. Bütün sərhədlərinə Rusiya sərhədçilərinin nəzarət edildiyi bir vaxtda Zəngəzura fransız-alman jandarmeriyasını gətirən Paşinyan son addımları ilə rəsmi Bakının demarş imkanlarını özü də bilməyərək genişləndirmiş oldu.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi məsələsi də iki ölkə arasında müzakirə predmetidir. İki ölkə arasında sülhün əldə olunması Rusiya üçün Qafqazda yeni siyasi mənzərə yaradacağından bu mövzu ətrafında müzakirə ediləsi bir çox məsələlər var. Aydındır ki, sülh müqaviləsində birbaşa Qarabağ ifadəsi yer almaya da bilər, lakin bu və ya digər şəkildə rəsmi İrəvan Qarabağa iddialarından əl çəkməli, eyni zamanda iki dövlət arasında sərhədlər müəyyənləşməlidir. Bu məsələlərdə Rusiyanın kifayət qədər təsir imkanlarının olduğunu nəzərə alsaq Azərbaycan və Rusiya arasında dialoqun nə dərəcədə vacib olduğunu başa düşmüş olarıq.

Ermənistan hazırda öz seçimini etdi. Azərbaycan isə, milli maraqlarını qorumaq istiqamətində rasional addımlar atmaqda davam edir. 2025-ci ildən bölgədə yeni hərbi-siyasi xəritə çəkilə bilinər. Qafqazın mərkəzi Azərbaycan tarixi ədalətin bərpasını istəyir”.

Siyasi şərhçi Aqşin Kərimov isə hesab edir ki, ilk baxışda Lavrovun Bakıya gəlişini ötən ilin fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin ildönümü münasibətilə tərtib edilən bayram protokolu kimi başa düşmək olardı, lakin bu səfər xüsusi əhəmiyyət kəsb edən detalları təsvir edir:

Aqşin Kərimov

“Detallar Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki rolunu artırmasına, Rusiyanı danışıqlar prosesindən sıxışdırmaq istəklərinə qarşı Moskvanın tutumu, Kremlin İrəvanı cəzalandırmaq planı kontekstində açıla bilər.

Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışması, üstəgəl Azərbaycanla münasibətlərdə sülh gündəliyindən yayınması Bakı-Moskva xəttini bir-birinə yaxınlaşdırır. Lakin Qərbin sülh gündəliyini ələ keçirmək cəhdləri və Moskvanı regionda sıxışdırmaq planları Kremli qıcıqlandırır və bu, Moskvaya bəhanələr verir.

Məntiqlə Moskva prosesləri “Bakı üçün sülh” modelinə yönəltməklə İrəvanı tamamilə özünə tabe etdirməyi qarşıya məqsəd qoyur. Deməli, Rusiya sülh modelinin parametrlərini Azərbaycan hakimiyyəti ilə razılaşdıra və bunu İrəvana məcburi fəaliyyət planı kimi təqdim edə bilər.

Ermənistana diktələr daha çox sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizinin açılması məsələsində özünü aydın göstərir, lakin Qarabağla əlaqədar strateji baxış fərqli məna yükünə sahibdir.
Lavrovun səfəri Azərbaycanla Rusiya arasındakı əlaqələri gücləndirmək məqsədlərinə xidmət edir. Bu, Moskva üçün vacibdir, ona görə ki, Ermənistan Rusiyaya arxa çevirib və Bakı balanslı siyasətinə sadiq qalıb. Kreml seçim edərkən Bakıya üstünlük verməyə məcburdur.

Kremli buna vadar edən amillərdən biri də Ankaranın maraqlarıdır. Təsadüfi deyil ki, İlham Əliyev Lavrovun səfərindən öncə İstanbula gedərək Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.
Lavrovun “Bakı portfeli” Azərbaycan-Türkiyə-Rusiya üçbucağının elementlərini daha çox nəzərə çarpdıracaq. Bakı Qərbin sülh üçün təkliflərini də nəzərdən keçirməyə davam edəcək və uyğun Brüssel formatından qaçmayacaq”.

Turan Rzayev
Globalinfo.az