İrana müalicəyə gedən azərbaycanlıların başlarına gətirilən oyunlar – QORXUNC


Yəqin ki, çoxumuz ömrümüzdə bircə dəfə də olsun “İranda keyfiyyətli və ucuz səhiyyə” ifadəsini eşidib. Hətta mənim kimi ayağını İran torpağına basmamış biri belə qohumlardan, yaxınlardan bu ifadəni duyub.

Bəs xalq arasında birmənalı qəbul edilmiş fikir nə qədər doğrudur?

İranda, həqiqətən də, “keyfiyyətli və ucuz səhiyyə” varmı?

1979-cu ildə İran islam inqilabı nəticəsində hakimiyyətə gələn hazırkı molla rejimi “xalqı şahın zülmündən xilas edəcəyik” dedi, lakin şahın atasına rəhmət oxutdurdu. Daxildə zülm, istibdad, assimilyasiya siyasəti ilə məşğul olan rejim radikal xarici siyasəti nəticəsində ABŞ və Qərbin sankiyalarına məruz qaldı. Nəticədə İran bütün texnoloji yeniliklərdən təcrid olunmuş ölkəyə çevrildi.

Elə isə sual yaranır: 1979-cu ildən bəri ABŞ və Qərbin sanksiyalarına görə texnoloji yeniliklərdən kənarda qalan bir ölkənin necə güclü səhiyyə sistemi ola bilər?

Tətbiq edilən sanksiyalar ölkəyə müasir tibbi cihazlar və avadanlıqların gətirilməsini məhdudlaşdırır. Səhhəti ilə bağlı İrana gedən şəxslər də yaxşı bilir ki, bu ölkənin səhiyyə sistemində ötən əsrin 90-cı illərinin cihaz və avadanlıqları istifadə olunur. Bu da azmış kimi, sanksiyalar nəticəsində ölkəyə tibbi və kimyəvi maddələrin idxalına qadağa qoyulub.

Belə vəziyyətdə səhiyyə sistemindən pul qazana bilməyən molla rejimi işbazlığa əl ataraq “İranda yüksək tibbi xidmət” adı altında vətəndaşlarımızı aldatmaqla İrana səfərə cəlb edirlər.

Molla rejiminin dövlət səviyyəsində icra etdiyi bu plan bir neçə ssenari üzrə icra edilir:

1. İrana şəfa tapmaq üçün gələn insanlar hava limanında qarşılanır, “həkimlə görüş üçün növbə” və “xəstəxanaya depozit” adı altında əvvəlcədən maliyyə vəsaiti alınır və müvəqqəti mehmanxanaların birinə yerləşdirilirlər. Bir çox hallarda bu işbazlar 1 gün sonra əlçatan olmurlar.

2. Xəstələrin xəstəxanalarda daha çox qalmaları və daha çox pul xərcləmələri üçün bilərəkdən səhv diaqnozlar qoyulur, saxta analiz nəticələri təqdim edilir və hətta bədənə müəyyən viruslar daxil etməklə yeni xəstəliklərin əsası qoyulur. Yəni insanlar pulları ilə yanaşı canlarını da itirirlər.

Düzdür, bəzi insanlar “şəfa” tapdığını sanıb ölkəyə qayıdırlar. Ancaq sağ-salamat deyil. Qayıtdıqdan sonra məlum olur ki, İrandakı səhv müalicə nəticəsində onlarda yeni xəstəliklər yaranıb.

3. İrana müalicəyə getmək bir dərddirsə, oradan qayıtmaq daha böyük dərddir. Səhv müalicə səbəbindən ölən insanların cənazələri ailə üzvlərinə həftələrlə verilmir, proses uzadılır. Yalnız külli miqdarda pul vəsaiti ödəndikdən sonra cənazə ailələrə verilir.

Əslində, bu və bənzəri ssenarilər çoxdur. Mən hələ ən yaxınlarımdan eşitdiyim üç ssenarini diqqətinizə çatdırdım.

Sağlamlıq axtararkən olan-qalan sağlamlığımızdan da olmayın!

Turan Rzayev
Globalinfo.az