Azərbaycanlıların şəhərində “erməni yuvası” açılır – Məqsəd…

İran Təbrizdə Ermənistan konsulluğunun açılması barədə qərar verib. Təbriz tarixən azərbaycanlıların çoxluq təşkil etdiyi şəhər olub. Bu addım açıq təxribat və Bakıya, eləcə də türk dünyasına qarşı demarşdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, İranın Azərbaycana qarşı apardığı siyasət son bir ildə ardıcıl və sistematik şəkildə icra edilir:

“Son zamanlar iki ölkə arasında münasibətlərdə müəyyən yaxınlaşmalar olsa da, Təbrizdə Ermənistan konsulluğunun açılması bunun bir illüziyadan ibarət olduğunu sübut edir. Məsələ ondadır ki, bu konsulluğun açılması öncədən qərarlaşdırılmışdı. Yəni Azərbaycan-İran münasibətlərində gərginliyin pik həddə olduğu bir zamanda Tehran Bakını qıcıqlandırmaq üçün bu addımı atmışdı. Lakin münasibətlərin normallaşdığı zamanda bunun baş verməsi Tehranın əsl niyyətini müvəqqəti gizlətdiyini göstərir.

Qədir Aslan

Azərbaycan İranla münasibətləri normallaşdırmağa çalışsa da, razılıqlar əldə edilsə də, Tehran öz mənfur niyyətindən əl çəkmir. Bu, İranın imperialist, məzhəbçi siyasətinin göstəricisidir. İranla Azərbaycan arasında cavabsız suallar çoxdur. Xüsusilə səfirliyimizə edilən hücumun müqəssiri ilə bağlı cinayət işi şəffaf aparılmır.

Rəsmi Bakı İranın bu addımlarını, əlbəttə ki, cavabsız qoymayacaq. Tehran gərginliyi artıracağı və hazırkı siyasətindən əl çəkməyəcəyi təqdirdə Bakı da müvafiq addımlar atacaq”.

Turan Rzayev
Globalinfo.az