Bakıya qarşı toplantının GİZLİNLƏRİ: ərazimizdə yeni münaqişə yaradılır? – ŞOK/FOTO

İranın Rəşt şəhərindəki İslam Azad Universitetində “Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirilib. Konfransdakı bəzi məqamlar milli və dövlətçilik maraqlarımıza ziddir. Konfrans İranın Azərbaycanda etnik azlıqları, xüsusilə də talışları ayaqlandırmaq istədiyini, onlara dini-radikal ideologiya ilə yanaşı separatçı fikirlər aşıladığını sübut edir.

Nə baş verir?

Bu gün Azərbaycanla yanaşı İranda da talışlar yaşayır. Hətta talışların sayı İranda daha çoxdur. Bu mənada İranda talışlarla bağlı konfransın keçirilməsi normaldır, lakin əsas məruzəçi qismində çıxış edənin Boris Talışinski olması vəziyyəti dəyişir.

Onun qondarma “talış muğan respublikası mühacir hökumətinin prezidenti” təqdim edilməsi, “Ələkrəm Hümbətovun varisi” adlandırılması, habelə bütün bu məlumatları İranın əsas xəbər agentliyi İRNA-nın paylaşması məsələnin iç üzünü ortaya qoyur.

Ələkram Hümbətovun varisi

Boris Talışinski əslində təhlükəli və ciddi proyektdir. Bu proyektin arxasında bir yox, birdən çox qrup dayanır. Yəni onun Qərbdə, Rusiyada, Ermənistanda, İranda da dəstəkçiləri var. Bu şəxs adını çəkdiyim ölkələrin xüsusi xidmət orqanları ilə birbaşa təmasdadır. Özü də savadsız, təhsilsiz bir şəxs deyil. Kifayət qədər peşəkarlıqla yetişdirilmiş intellektual kimliyə bürünən şəxsdir.
Boris Talışinski əslində uzun müddətdir Feysbuk sosial şəbəkəsində aktivdir və açıq-aşkar separatçılıq edir. Bundan başqa, o, Türkiyə üçün də potensial təhdiddir. Çünki “laz”, “zaza”, “kürd” separatizminin də danışan səsidir.

Bu şəxs Ermənistanda, hətta işğal dövründə Qarabağda olub. Ələkrəm Hümbətovun Şuşada açdığı radioda qonaq qismində çıxışlar edib. Keçmiş separatçı rejimin təmsilçiləri ilə görüşüb.

Boris Talışinskinin çıxışlarında ən diqqətçəkən məqam onun İrana toxunmaması, daha çox Azərbaycandakı talışlarla bağlı məqamları, “məlumatları” dilə gətirməsidir.

Prinsip etibarilə bu gün Azərbaycanda talışların sayı İrandakından daha azdır, lakin onlar talış dilində təhsil ala bilir, mədəniyyətlərini yaşada bilirlər. Ümumiyyətlə, Azərbaycanda heç bir etnosun mədəniyyətinə toxunulmur, əksinə onlar yaşadılaraq dünyaya təqdim edilir.

Misal üçün, Şuşada baş tutan konsert proqramında talış mədəniyyəti də nümayiş etdirildi. İranda isə sayları az qala bir milyona çatan talışların bircə məktəbi də yoxdur. Paralel olaraq talışlar kimi sayları az etnoslar “İran mədəniyyəti” adı altına assimilyasiya edilir, dini-radikal ideologiyalarla milli şüuru məhv edilir.

Boris Talışinskinin bunları deyil, Azərbaycanla bağlı dezinfomasiyaları yayması, əsassız ittihamlar irəli sürməsi onun İranla, SEPAH-la bağlantısının olduğunu sübut edir.

Üzdə dost, gerçəkdə düşmən…

“Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans və Boris Talışinski faktoru bir daha İranın Azərbaycanla münasibətləri müəyyən maraqları xatirinə müvəqqəti normallaşdırdığını göstərir.

Tehran üzdə münasibətləri normallaşdırsa da, Bakı ilə daha fərqli metodlarla mübarizə aparmaq qərarına gəlib. Ümumiyyətlə, İran bu günə qədər Azərbaycana daha çox dini-ideoloji müstəvidə təzyiq edir, şiə inanclı şəxsləri bu siyasətin vasitəçisi halına gətirirdi. Lakin Bakının bu istiqamətdə apardığı əməliyyatlar, habelə İran agenturasına vurulan zərbələr Tehranı “B planı”na keçməyə vadar etdi. Söhbət talış, tat və bu qəbildən olan etnosların milli kimlik adı altında separatizmə sövq edib Bakıya təzyiq edilməsindən gedir.

“Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfransın moderatoru Əhməd Kazemi Azərbaycana qarşı mütəmadi çıxışları ilə tanınır. Onun birbaşa SEPAH-la əlaqəsinin olması istisna deyil.

Aydın məsələdir ki, bu konfransın məhz indi təşkil edilməsi təsadüfi deyil. Qarabağda erməni separatizminin məhv edilməsindən sonra Azərbaycanın başını qatacaq yeni bir münaqişəyə ehtiyac görülür. Bu işdə İran və Ermənistan ortaq hərəkət edir. Təsadüfi deyil ki, Ə.Hümbətov da İrəvanda “qəhrəman” kimi qəbul olunurdu. Onu həm İran, həm də Ermənistan dəstəkləyirdi. Lakin Azərbaycanda separatizmin sonunun necə olduğunu bütün dünya gördü.

Turan Rzayev
Globalinfo.az