q

Xəbər verdiyimiz kimi, iyunun 24-də Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri ilə yanaşı, son hərbi gərginlik fonunda Azərbaycanın İran xalqı ilə həmrəyliyi də vurğulanıb.

Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, hazırda İran Prezidenti Məsud Pezeşkian və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf ölkədə legitim, yəni xalqın seçdiyi hakimiyyətin əsas təmsilçiləridir:

“Onlardan biri icra hakimiyyətinə, digəri isə qanunverici orqana rəhbərlik edir. Digər mühüm məqam odur ki, hər iki şəxs ABŞ ilə aparılan danışıqlarda iştirak edir. Bu da onların hazırkı mərhələdə İran daxilində siyasi mövqelərini daha da gücləndirir. Qalibafın Azərbaycana səfəri beynəlxalq tədbirdə iştirak məqsədi daşıyırdı. Söhbət İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin parlament şəbəkəsinin toplantısından gedir. İran bu tədbirə vitse-spikeri və ya parlament sədrinin müavinini də göndərə bilərdi. Lakin regionda mürəkkəb siyasi proseslərin davam etdiyi bir vaxtda Qalibafın şəxsən Azərbaycana gəlməsi diqqətçəkən məqamdır”.

1671011468 photo 2022 12 14 12 45 42

Fərhad Məmmədov

Politoloq bildirib ki, bu yanaşma İran rəhbərliyinin Azərbaycana verdiyi önəmin göstəricisi kimi qiymətləndirilə bilər:

“Belə bir şəraitdə İran daxilində mövqeləri güclənən Pezeşkian və Qalibafın hər ikisinin Azərbaycanla birbaşa əlaqələrinin olması müsbət haldır. Bu, həm ikitərəfli münasibətlərə verilən önəmi, həm də ölkəmizə göstərilən diqqəti əks etdirir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: