dag scaled

Bir müddət əvvəl sosial şəbəkələrdə Şamaxının Dağ Göylər kəndindən yayılan görüntülər hələ də müzakirə edilir. Belə ki, sakinlər öz vəsaitləri ilə kənddaxili və ucqar hissələrə gedən yollara mişar daşları döşəyib, gediş-gəlişi yaxşılaşdırmağa çalışıblar. Lakin döşənən yolun nə dərəcədə təhlükəsiz və davamlı olması, xüsusilə avtomobillərin hərəkəti üçün uyğunluğu sual altında qalıb.

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, belə yolların hərəkət üçün daha dayanıqlı olması məqsədilə qənbər daşlardan istifadə edilməsi müsbət haldır:

“Şamaxıda həmin ərazidə yol infrastrukturu kifayət qədər inkişaf etməyib və bununla bağlı aidiyyəti qurumların da mövqeyi olacaq. Məsələnin əsas tərəfi kənd yollarında elə təmir sisteminin seçilməsidir ki, yollar uzun müddət dayanıqlı olsun. Bu yanaşmaya Bakıda da rast gəlinir. Məsələn, vaxtilə Niyazi küçəsində belə yol örtüyü olub, sonradan müəyyən səbəblərdən asfalt örtüyü ilə əvəzlənib. Sabunçu qəsəbəsində də buna nümunələr var. Belə yollar həm estetik görünüş, həm də davamlılıq baxımından müsbət qiymətləndirilir”.

aslan

Aslan Əsədov

Ekspert bildirib ki, digər tərəfdən, həmin ərazilərdə yol infrastrukturunun inkişafı və vahid şəbəkənin qurulması da vacib amillərdəndir:

“Çünki belə yolların ölkənin digər ərazilərindəki yol infrastrukturu ilə əlaqələndirilməsi də mühüm məsələdir. Nəqliyyat axınlarının idarə edilməsində əsas prinsiplər qorunmaqla, istifadə olunan material və infrastrukturun xüsusiyyətlərindən asılı olaraq müxtəlif yanaşmalar tətbiq edilə bilər. Əsas məsələ isə bu elementlər arasında koordinasiyanın düzgün qurulmasıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: