“Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfər edib. O, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın dövlət başçılarının görüşündə, MDB dövlət başçıları şurasının iclasında və Xəzər Ekoloji Sammitində işirak edəcək”.
Bu sözləri Globalinfo.az-a deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, ən vacib tədbir Mərkəzi Asiya və Azərbaycan liderlərinin 8-ci görüşü olub:
“Azərbaycan bu formata keçən ilin noyabrında tamhüquqlu üzv kimi qoşulub. Görüşün sonunda imzalanan birgə bəyanatda tərəflər Azərbaycanın bu formatda tam hüquqla iştirakının vacibliyini vurğulayıblar. Liderlər həmçinin sənaye məhsullarının bir-birinin bazarlarına çıxması üçün əlverişli şərait yaratmağa razılaşıblar. Mədəniyyət sahəsində isə böyük mütəfəkkir və alimlərin irsinin BMT-də ayrıca təqdim olunması qərara alınıb.
Prezident İlham Əliyev bildirdi ki, son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri xeyli genişlənib, liderlər müntəzəm səfərlər edir, ticarət və investisiya artır. Türkmənistan haqqında isə dedi ki, ötən ildən bəri iki ölkə arasında beş yüksəksəviyyəli səfər olub. Füzulidə Türkmənistanın tikdirdiyi məscidi “qardaş ölkənin hədiyyəsi” adlandırıb. Məscidin tikintisi davam edir və 2027-ci ilin mayında bitməsi gözlənilir.

Naqif Həmzəyev
Azərbaycan Xəzərin qərb sahilindədir və Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynaya bilər. Bakı limanı, dəmir yolları və Şərq-Qərb yolları Azərbaycanı bu iki bölgə arasında mühüm tranzit məntəqəsinə çevirir. İyulun 31-də Qırğızıstanda keçirilən qeyri-rəsmi görüşdə Çolpon-Ata Bəyannaməsi imzalanıb və bu, əlaqələrin yalnız illik görüşlərlə məhdudlaşmadığını göstərir.
Türkmənistanla Azərbaycan uzun illərdir yaxın tərəfdaşdır. Aralarında 108 sənəd imzalanıb. 2026-cı ilin ilk səkkiz ayında tranzit yüklər 2 milyon tonu keçib və ötən ilin eyni dövrü ilə müqayisədə 38% artıb. Bu ilin iyununda Türkmənistan Prezidenti Bakıya dövlət səfəri edib, Azərbaycan isə Türkmənistana “Dostlug” adlı tanker hədiyyə edib. Xəzərdəki “Dostluq” yatağının birgə işlənməsi barədə razılaşma da var.
Azərbaycan Mərkəzi Asiyaya yalnız qonşu kimi baxmır, onunla ortaq nəqliyyat, ticarət və enerji yolları qurur”.
Turan Rzayev
Globalinfo.az