Azərbaycanda bir adətin GİZLİNLƏRİ – Özünü tanrıya qurban verənlər kimdir?

Novruz – Azərbaycan xalqının tarixi bayramlarındandır. Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif nemətlər təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir. Lakin tonqalla bağlı ictimaiyyətdə fərqli fikirlər hakimdir. Bəziləri bayram tonqalının üstündən tullanmağın düzgün olmadığını iddia edir.

Mövzunu Globalinfo.az-a şərh edən tarixçi alim Zaur Əliyev Novruz bayramında yandırılan tonqalların zərdüştiliklə əlaqəsi olmadığını bildirib.

O deyib ki, bir sıra araşdırmaçılar Novruz mərasimindəki od-tonqal ünsürünü yanlış olaraq atəşpərəstliyə bağlayırlar:

“Bəllidir ki, atəşpərəstlər odu ilahiləşdirərək ona sitayiş edirdilər. Od üstündən tullanma pers düşüncəsində oda tapınmanın obyektidir. Halbuki od türk düşüncəsində təmizlənmə vasitəsidir. Novruz mərasimindəki od ünsürü “Avesta” – atəşpərəstliklə bağlı deyil. Bu, odu-atəşi-işığı-günəşi xilaskar sayan, onun həyatı, yaşayışı ağrı-acıdan, müşküldən, sıxıntıdan qurtaran bir magik qüvvə olduğunu qəbul edən əski türk mifoloji inancıdır.

Azərbaycanda Novruz bayramında tonqaldan tullanmaq ənənəsi və ictimai şənliklərin tarixi minilliyə gedib çıxır. Kütləvi xalq rəqsi olan “Yallı” kimi bir sıra adətlər Qobustan qayalarının üzərində təsvir olunub. Qədimdə insanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş mənfi nəzərin təsirini aradan qaldırarmışlar. Bunun üçün onlar üzərliyin tüstüsünü ev sakinlərinə, evə, mal-qaraya tərəf yönəldirdilər. Üzərlikyandırma təzələnmə – yenilənmənin mühüm ayinlərindəndir. Üzərlik vasitəsilə bəd nəzər, mənfi arzular, pis niyyətlər təmizlənir. Bu, bir növ, magik profilaktikadır”.

Zaur Əliyev

Tarixçinin sözlərinə görə, odun, ocağın, tonqalın önəmli yeri olan Novruz bayramı şamanizmin islam aləmində yaşayan izlərindəndir:

“Türk inancında od-tonqalın üzərindən tullanma qədim ayinlərdən sayılır. Tərkibində iki ritual deyim olan  – “ağırlığım (fiziki) və uğurluğum (mənəvi) odda, tonqalda qalsın” fikri fərdin fiziki və mənəvi baxımdan özünü Tanrıya qurban verməsinin ifadəsidir. Özünü odda qurban verən fərd Tanq Tenqrini simvolizə edən tonqalda onunla birləşir, bütövləşir, “o dünyada”, xaos məkanında olur, əcdad ruhları ilə, “tın”la təmas yaradır, orada sakrallaşır və yenidən oddan çıxaraq “bu dünyaya”, kosmos məkanına qayıdır. Qədim türklər yeni günə şər qüvvələrlə birlikdə daxil olmamaq üçün şər qarışanda qaladığı tonqalla, müqəddəs hesab etdiyi odla onları qovur, şərə qarşı üsyan qaldıraraq onları köhnə ildə saxlamaq istəyir. Deməli, insanlar yeni günə və ya yeni ilə həm ruhi, həm də fiziki mənada saf, sağlam, pak və təmiz çıxmağa çalışır. Bu zaman müqəddəs hesab etdiyi odun köməyindən istifadə edirlər”.

Z.Əliyev qədim adətə görə, Azərbaycanda ilaxır çərşənbədə evin işığının sübhəcən söndürülmədiyini deyib:

“Deyirlər, həmin gecə uluların ruhu sübhəcən yurda baş çəkməyə gəlir. Bir faktı da deyim ki, ilaxır çərşənbə günü və Novruz bayramı tonqalları yandıran zaman ehtiyatlı olmaq lazımdır. Axır çərşənbə tonqalı getməkdə olan ili yola salmaq üçün, Novruz tonqalı isə artıq daxil olmuş yeni ilin şərəfinə yandırılır. İnsanlar axır çərşənbənin odu ilə çillədən, yəni köhnə ilin ağrı-acısından, qada-balasından təmizlənir və insanların bütün ağırlıqları həmin axırıncı günün tonqalı ilə gedir.

Novruz tonqalı isə yeni ilin ilk günü qalanır. İnsanlar artıq bu tonqalın ətrafına hər cür dərddən-bəladan, ağırlıqlardan, çillədən təmizlənmiş halda yığışırlar. Bu tonqala ağırlıq tökmək olmaz. Çünki bu tonqal, od-ocaq təzə ilin tonqalıdır. Ağırlığı, uğurluğu, çilləni isə köhnə ilin axırıncı axşamının, yəni axır çərşənbənin odu özü ilə aparır”.

Zaira Akifqızı
Globalinfo.az