es1

Qara dənizdə mülki gəmilərin dron hücumlarına məruz qalması azərbaycanlı dənizçilərin də həyatını təhlükə qarşısında qoyur. Son aylarda bu cür hücumlar nəticəsində bir neçə Azərbaycan vətəndaşı həlak olub.

Qeyd edək ki, son belə hadisə Mübariz Mənsimova məxsus gəmidə baş verib. Belə ki, Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royal Məmmədov” yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb. Nəticədə Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu itkin düşüb.

Belə faciələrin qarşısını almaq mümkündürmü? Soydaşımız olan dənizçiləri qorumağın yolları varmı?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Qara dənizdə müharibənin dəniz nəqliyyatına keçməsi artıq mülki gəmi heyətləri üçün ciddi təhlükəsizlik probleminə çevrilib:

“Azərbaycanlı dənizçilərin belə insidentlərdə həlak olması göstərir ki, risk yalnız hərbi gəmilərlə məhdudlaşmır. Kommersiya gəmiləri və onların heyətləri də dron, raket və mina təhlükəsi ilə üz-üzə qala bilirlər. Müharibə davam etdiyi müddətdə bunun qarşısını tam almaq mümkün deyil, amma riski əhəmiyyətli dərəcədə azaltmaq olar. İlk növbədə, yüksək riskli limanlara və döyüş zonasına yaxın marşrutlarda çalışan Azərbaycan vətəndaşları barədə operativ məlumat mübadiləsi gücləndirilməli, gəmiçilik şirkətlərindən risk qiymətləndirilməsi, təhlükəsizlik protokolları və ekipajın fövqəladə vəziyyət hazırlığı tələb olunmalıdır. Dənizçilərin işlədiyi gəminin hansı bayraq altında üzməsindən asılı olmayaraq, Azərbaycan tərəfi konsulluq və diplomatik kanallarla onların təhlükəsizliyini gündəmdə saxlayır”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq bildirib ki, daha sistemli yanaşma isə müharibə zonasına gedən azərbaycanlı dənizçilər üçün ayrıca təhlükəsizlik mexanizminin formalaşdırılması ola bilər:

“Buraya təhlükəli akvatoriyalar üzrə əvvəlcədən xəbərdarlıq, mümkün qədər təhlükəsiz dəniz dəhlizlərindən istifadə, limanda qalma müddətinin minimuma endirilməsi, hava və dəniz hücumu xəbərdarlıqlarının ekipaja dərhal çatdırılması, sığorta, təxliyə prosedurlarının əvvəlcədən müəyyənləşdirilməsi daxildir. Xüsusilə yüksək riskli istiqamətlərdə dənizçinin səfərdən imtina etmək imkanının əmək münasibətlərində real şəkildə təmin edilməsi də vacibdir. Ancaq problemin köklü həlli yalnız Azərbaycan səviyyəsində mümkünsüzdür. Mülki gəmiçiliyin təhlükəsizliyi üçün Rusiya ilə Ukraynanın kommersiya gəmilərinə, limanlara, mülki dəniz infrastrukturuna zərbələrdən qarşılıqlı şəkildə çəkinməsi və Qara dənizdə işlək təhlükəsizlik mexanizminin yaradılması tələb olunur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: