Lionel Messinin Argentina millisindəki 21 illik karyerası başa çatıb. 39 yaşlı ulduz son oyununu oktyabrın 6-da Beninə qarşı keçirib və 3:0 hesablı qələbədə bir qol vuraraq iki məhsuldar ötürmə edib. Bununla da Argentina futbolunun ən parlaq dövrlərindən biri başa çatıb.
Messinin millidən gedişi Argentina və dünya futboluna necə təsir edəcək?
Globalinfo.az-a danışan idman eksperti Natiq Muxtarlı deyib ki, Messinin Argentina milli komandasından ayrılmasının ölkə futboluna müəyyən təsiri olacaq:
“Çünki 20 il ərzində milli komandanın əsas hərəkətverici qüvvəsi olmuş bir futbolçunun itirilməsi oyun keyfiyyətinə, gücünə və ümumi sisteminə bilavasitə təsir göstərəcək. Bu günə qədər Argentina yığmasının oyunu Messinin fərdi keyfiyyətlərinə uyğun qurulurdusa, artıq baş məşqçi fərqli bir taktiki sistemə üstünlük verməli olacaq. Lakin bütün bunlara baxmayaraq, Argentina futbolunun çökəcəyini düşünmürəm. Bu ölkədə ulduz futbolçular həmişə olub, gəlib-gediblər. Müəyyən eniş dövrləri yaşansa da, Argentina futbolu hər zaman öz əvvəlki səviyyəsinə qayıtmağı bacarıb. Bunun əsas səbəbi ölkədə möhkəm futbol sisteminin və davamlı istedadların yetişməsidir. Messinin səviyyəsində bir oyunçunun tezliklə yetişəcəyini iddia etməsəm də, yeni istedadların ortaya çıxacağı birmənalıdır. Maradonadan sonra Messinin gələcəyini heç kim gözləmirdi, lakin bu baş verdi. Deməli, gələcəkdə də yeni adlar ortaya çıxacaq”.
Natiq Muxtarlı
Dünya futboluna gəldikdə isə, N.Muxtarlı qeyd edib ki, Messinin bu sahədəki rolu və təsiri əvəzsizdir:
“Ən azından futbol azarkeşlərinin böyük bir hissəsi Ronaldoya, digər yarısı isə Messiyə azarkeşlik edirdi. Dünyanın yarısının kumirinə çevrilmək kiçik göstərici deyil. Messi futbola gözəllik, incəsənət, estetika və baxımlılıq gətirdi. Eyni zamanda, futbola böyük maliyyə axınlarının, sponsorların gəlməsində mühüm rol oynadı. İndiki mərhələdə dünya futbolunun sistemi elə qurulub ki, artıq yeni “Messi-Ronaldo” rəqabətinə ehtiyac var. Sponsorlar və futbola investisiya qoyan tərəflər məhz bu cür böyük rəqabət mühitində öz kapitalını dövriyyəyə buraxırlar”.
Natiq Muxtarlı bildirib ki, Lamin Yamal hələ Messi səviyyəsində olmasa da, onun ətrafında böyük media və reklam kampaniyaları aparılır:
“Məqsəd İspaniyada Yamal-Mbappe rəqabətini formalaşdırmaq və bu fondu sponsorları futbol sənayesində saxlamaqdır. Ronaldo və Messi rəqabəti dünya futbolunda elə bir tendensiya formalaşdırıb ki, bundan qaçmaq mümkün deyil. Dünya futbolu hər zaman yeni “Messilər” və “Ronaldolar” axtaracaq. Hətta yeni gələn oyunçular onlar səviyyəsində olmasalar belə, PR və media vasitəsilə süni şəkildə belə rəqabət mühitləri yaradılacaq. Futbol sənayesi öz biznes modelini saxlayaraq yeni ulduzlar formalaşdırmağa davam edəcək”.
Zaira Akifqızı
Globalinfo.az