irevan baki ankara scaled 1 900x538 1

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmayacağı ilə bağlı bədbin proqnozlar səsləndirilir. Ermənistanın Konstitusiyaya dəyişikliyi gecikdirməsi, həmçinin regionda getdikcə daha da qarışıq hal alan vəziyyət və maraqlı aktorların bölgədəki duruma müdaxilə cəhdləri bu iddialar ətrafında müzakirəni gücləndirib.

Ermənistanın sazişdən yayınmasının səbəbləri nələr ola bilər? Bu, Konstitusiyada məlum maddələri dəyişmək istəməməkdən qaynaqlana bilərmi? Rusiya amili də təsir göstərir? Türkiyə ilə yaxınlaşıb, sərhədləri açıb, iqtisadi və diplomatik əlaqələri bərpa edib, Bakı ilə sülhdən yayınmaq – bu perspektiv necə, mümkündür?

Globalinfo.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib ki, 10 noyabr atəşkəs sazişindən sonra Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin uzanması, yekun mətnin imzalanması mərhələsinə gəldikdə isə çıxılmaz vəziyyətin yaranması regionun geosiyasi mürəkkəbliyini gözlər önünə sərən çoxqatlı bir mənzərədir:

“Türkiyə ilk gündən bu prosesin içində olmaq istəyərkən, görünməyən bir əl Ankaranı sistemin kənarında saxladı. Türkiyə əvvəlcə “3+3” formatını təklif etdi. Daxili problemin tərəfi kimi Türkiyəni, xarici problemin tərəfi kimi isə Azərbaycanı, həmçinin Gürcüstan, İran və Rusiyanı prosesə daxil etməklə bir sülh formulu irəli sürdü. Regional dinamikalar prosesin qarşısındakı ən fundamental struktur və geosiyasi maneələrə birbaşa işarə etdiyi üçün Türkiyə ilk növbədə bu formulu təklif etmişdi.

Azərbaycan tərəfi Ermənistanın sülh sazişindən yayınmasında və ya prosesi çətinləşdirməsində Konstitusiya məsələsinin əsas rol oynadığını daim dilə gətirib və sülhün qarşısındakı ən böyük maneə kimi qeyd edib.

Ermənistan Konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” (Miatsum) kimi ifadələr yer alır. Halbuki Qarabağ faktiki olaraq Azərbaycan ərazisi kimi rəsmiləşdiyi üçün Müstəqillik Bəyannaməsinin 11-ci maddəsinin heç bir hökmü qalmayıb. Bakı rəhbərliyi bu vəziyyətin hüquqi baxımdan gələcəkdə ərazi iddialarına qapı aça biləcəyini vurğulayır və Konstitusiya dəyişdirilmədən yekun sülhün imzalanmayacağını açıq şəkildə “qırmızı xətt” kimi müəyyənləşdirir. Azərbaycanın bu maddə ilə bağlı mövqeyi Türkiyənin qeyd-şərtsiz sülh çağırışı ilə qarşı-qarşıya gəlir.

İrəvan rəhbərliyi Konstitusiya dəyişikliyi üçün referenduma getməyin daxili siyasətdə millətçi kəsimlər, müxalifət və diaspor tərəfindən “təslimçilik” kimi qiymətləndirilməsindən ehtiyat edir. Bu hüquqi və psixoloji hədd aşıla bilmədiyi müddətdə əldə olunan razılaşmalar kağız üzərində qala bilər. Paşinyan parlamentdə tələb olunan səs çoxluğunu əldə edə bilmədiyi üçün hazırda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı hərəkətə keçmək imkanına malik deyil.

Rusiya Cənubi Qafqazdakı ənənəvi təsir dairəsini itirməmək üçün ikitərəfli münasibətlərdə və mümkün sülhdəki balansları yaxından izləyir. Son günlər Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev verdiyi açıqlamalarda birbaşa Ermənistanla Azərbaycan arasında Ukrayna böhranına bənzər böyük bir böhranın baş verəcəyi ilə bağlı xəbərdarlıq edir.

Moskva tamamilə Qərbin yönləndirdiyi və ya Türkiyə-Azərbaycan oxuna əsaslanan sülhün Rusiyanın Qafqazdakı hərbi və strateji mövcudluğunu, məsələn, təhlükəsizlik arxitekturasındakı rolunu sıfırlamasından narahatdır. Bu səbəbdən sülh prosesinin tam şəkildə nəticələnməsini ləngidəcək diplomatik və siyasi əngəlləri işə sala bildiyi məlumdur. Cənubi Qafqaz Rusiya üçün mühüm coğrafiya olduğuna görə Türkiyə 10 noyabr atəşkəs sazişindən sonra iki tezisi davamlı şəkildə gündəmə gətirdi: birincisi, “3+3” formatı, ikincisi isə ön şərtsiz Türkiyə-Ermənistan-Azərbaycan sülhünün təcili imzalanması”.

Politoloq deyib ki, Xüsusilə Zəngəzur dəhlizinin statusu və təhlükəsizliyi məsələsində Rusiyanın tələbləri ilə İrəvan-Bakı xəttindəki gözləntilər üst-üstə düşmür:

“Moskva regiondakı tranzit yollara nəzarəti əlində saxlayaraq İrəvan üzərində təzyiq vasitələrini qorumaq istəyir. Rusiya 10 noyabr sazişinin dördüncü maddəsinin əsasında o zaman hələ də həll olunmamış “Dağlıq Qarabağ problemi”ni əlində saxlamaq və oranın “təhlükəsizliyini” təmin etmək üçün İrəvandan Xankəndiyə Moskvanın nəzarətində, lakin Azərbaycan ərazisindən keçən Laçın dəhlizini açdı. Buna qarşılıq sazişin doqquzuncu maddəsində keçmiş Sovet dövründəki iqtisadi və kommunikasiya əlaqələrinin açılması ifadəsini əlavə etməklə, sanki Zəngəzur dəhlizi gözləntisini gücləndirdi. Halbuki 10 noyabr sazişində hər hansı şəkildə Zəngəzur dəhlizi ilə bağlı maddə olmadığı kimi, məsələ qarşılıqlılıq prinsipinə əsaslanan anlayış da deyildi. Həm Türkiyə, həm də Azərbaycan Laçın dəhlizinin ruslar tərəfindən idarə edilməsi ilə bağlı bu maddənin Cənubi Qafqazda sülhün inkişafını gecikdirdiyini düşünürdü.

Bu ssenari nəzəri olaraq İrəvanın diplomatik manevr imkanları yaratmaq üçün tez-tez arzuladığı bir model kimi görünsə də, praktikada davamlı və keçərli bir ssenari deyil.

hasan oktay
Hasan Oktay

Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını və sərhədlərin açılmasını birbaşa Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına bağlayıb. Ankara-Bakı xəttindəki strateji müttəfiqlik və “Bir millət, iki dövlət” paradiqması Ermənistanın Azərbaycanı kənarda qoyaraq Türkiyə ilə tam şəkildə inteqrasiya etməsinə imkan vermir. Türkiyə bu təhdid və təhlükəni gördüyü üçün ön şərtsiz üçtərəfli sülh tezisini davamlı olaraq gündəmə gətirib.

Əslində, Türkiyə Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazın üç ölkəsini birlikdə tanıyıb, sərhəd qapılarını açıb, Gürcüstan və Azərbaycanla diplomatik münasibətlər qurub. Azərbaycan torpaqlarının Rusiyanın yönləndirməsi ilə Ermənistan tərəfindən işğal edildiyini nəzərə alaraq İrəvanla diplomatik münasibətlər qurmayıb. 1993-cü ilin aprelində isə Türkiyə Kəlbəcərin işğalını əsas gətirərək Ermənistanla olan sərhəd qapılarını bağlayıb”.

H.Oktayın fikrincə, 10 noyabr atəşkəs sazişi imzalandıqdan və Kəlbəcərin işğaldan azad edildiyi rəsmən elan olunduqdan sonra Türkiyənin sərhəd qapılarını bağlama səbəbi aradan qalxdı:

“Türkiyə buna baxmayaraq üçtərəfli sülhə vasitəçi olmaq üçün sərhəd qapılarını bağlı saxladı. Lakin 10 noyabr sazişindən bu yana beş il keçməsinə baxmayaraq hər hansı sülh təşəbbüsü həyata keçirilmədiyinə görə, vəziyyət üzərindən Ankaranı küncə sıxışdıraraq Ermənistanla münasibətləri normallaşdırmağın yolları axtarılır.

Belə bir vəziyyət yarandıqda, Türkiyə-Ermənistan münasibətləri inkişaf etsə belə, Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi baxımından Ankara ön şərtsiz üçtərəfli sülh məsələsini gündəmə gətirir.

Ermənistan rəhbərliyi Azərbaycanla məsələni həll etmədən Türkiyə ilə sərhədləri açdıra biləcəyinə ümid etsə də, Ankara bu mövzuda Bakının razılığını və təminatını şərt qoyan mövqeyindən geri çəkilmir. Buna görə də Bakı ilə sülhdən yayınarkən Ankara ilə davamlı normallaşma qapısının bağlı qalması qaçılmazdır.

Yekun təhlildə Ermənistanın daxili hüquqdakı konstitusion maneələri aşa bilməməsi, xarici qüvvələrin, xüsusilə Rusiyanın prosesə müdaxilə formaları və Türkiyənin Azərbaycanla sarsılmaz həmrəyliyi “parçalı normallaşma” ehtimalını aradan qaldırır və hərtərəfli sülh mətnini zəruri edir.

Bu mürəkkəb durumda İrəvanın daxili siyasətdəki riskləri gözə alaraq konstitusion islahatlara cəsarət edib-etməyəcəyi prosesin taleyini müəyyənləşdirəcək. Son günlər İsrailin təşəbbüsü ilə Azərbaycan-Türkiyə münasibətlərindəki gərginliyin altında yatan digər bir məsələ də Türkiyə və Azərbaycanın üçtərəfli sülh məsələsindəki razılaşmazlıqlarından qaynaqlanır.

Azərbaycanın narahatlıqları ilə Türkiyənin gözləntiləri arasındakı uçurum getdikcə genişləndiyi üçün İsrail bu gərginliyi öz lehinə çevirməyə çalışır. “3+3” formatı gündəmə gəldikdə, İsrail və ABŞ-ın regiona gəlməsi ilə işin içindən çıxılmaz bir vəziyyət yaranmağa başlayır. Ona görə də Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli sülhünün bir an əvvəl imzalanması, ilk növbədə, Ermənistan-Azərbaycan münasibətləri üçün olduqca müsbət bir atmosfer yaradacaq.

Medvedevin xəbərdarlığı, yeni aktorlar kimi regiona daxil olan İsrail və ABŞ-ın fərqli gözləntiləri nəticə etibarilə regionda böyük bir qeyri-sabitliyə səbəb olacaq. Sülhdən kim qaçarsa, ən böyük zərəri o görəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: