baki 9 900x506 1

Azərbaycana kənar ölkələrdən dini müdaxilələr çoxdur. Bu məsələdə əsas İrandan müəyyən təsirlər müşahidə olunur. İran Azərbaycanda din pərdəsi altında özünün “beşinci kalonu”nu yaratmağa çalışır.

Səudiyyə Ərəbistanı da din faktoru ilə Azərbaycanda müəyyən qədər təşkilatlanıb. Türkiyədən isə FETÖ xətti ilə uzun illər Azərbaycanda din adı ilə şəbəkə qurulub. Lakin bu şəbəkə son illər ciddi şəkildə zəiflədilib.

Bəs Azərbaycan özü dini ideoloji xətt yaradıb kənar müdaxilələrin qarşısını ala bilmək üçün nə edir? Dini Komitənin işini effektiv saymaq olarmı?

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, dünyada mövcud olan dövlətlər xalqla hakimiyyət arasında birliyi, eləcə də xalqın monolitliyini, cəmiyyətin bütövlüyünü qoruyub saxlamaq üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər:

“Bu, həm idarəetmə formasına təsir göstərir, həm də dövlətin ideoloji platformasında ifadə olunur. Azərbaycan Respublikası da, təbii ki, bu sıradan kənarda deyil və uyğun bir siyasət həyata keçirir.

Biz qonşu ölkələrə nəzər salsaq, onların bir çoxunda ideoloji platforma kimi dini baxışların əsas götürüldüyünü görərik. Bunu təkcə müsəlman ölkələrinə şamil etmək doğru deyil. Xristian ölkələrində də belə təcrübələr var və onların bəziləri müsəlman ölkələrindən daha qədim tarixə malikdir. Eyni zamanda, krallıq idarəetməsinin xalqla hakimiyyət arasındakı birliyə təsir göstərdiyi, xalqın gələcəyə olan ümidlərini qoruyub saxlamaq niyyətilə qurulduğu ifadə olunur.

Hər bir dövlət mənsub olduğu dəyərləri digər ölkələrə ixrac etməyə çalışır. Dini dövlət səviyyəsinə qaldıran ölkələr bu istiqamətdə dini görüşlərini yaymaqdadırlar.

Azərbaycan elə bir aktual geosiyasi məkanda yerləşir ki, diqqət mərkəzindən kənarda qala bilməz. Ölkəmizə qarşı da belə hücumlar həyata keçirilir. Xüsusilə dini baxımdan, Azərbaycanda əhalinin böyük əksəriyyəti müsəlman olduğuna görə ictimaiyyət üzərində dini təsirlərin yaradılmasına cəhdlər göstərilir. İran, təbii ki, burada ayrıca bir xətt olaraq keçir. O cümlədən, Səudiyyə Ərəbistanını da qeyd edə bilərik. Bundan başqa, xristian ölkələrindəki dini missionerlərin fəaliyyəti də diqqətdən kənarda qalmamalıdır”.

mutellim rehimov e1746520125131 900x725 1
Mütəllim Rəhimli

Siyasi şərhçi bildirib ki, Azərbaycanın özünü müdafiə etmək üçün özünəməxsus dini dəyərlər formalaşdırması dövlətin tutduğu ümumbəşəri dəyərlərlə ziddiyyət təşkil edir:

“Doğrudur, Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır, amma bizim ideoloji platformamız dini dəyərlər üzərində dayanmır. Azərbaycan dövlətinin ideoloji əsaslarında azərbaycançılıq ideyası durur. Azərbaycan xalqının birləşməsi, vahid mövqedən çıxış etməsi üçün kifayət qədər uğurlu seçilmiş bir addımdır.

Biz azərbaycançılıq ideyasını daha çox ölkə daxilində yaymaqla və onun əhəmiyyətini Azərbaycan xalqına çatdırmaqla kənardan ölkəmizə yönələn dini müdaxilələrin qarşısını ala bilərik. Xalqımız kifayət qədər tolerantdır, ona görə də  düşünmürəm ki, dini təriqətlər adı altında Azərbaycanda cəmiyyətin ayrı-ayrı hissələrini bir-birinə qarşı kəskin qarşıdurmaya sövq edə bilsinlər.

Azərbaycan xalqı belə sınaqlardan dəfələrlə keçib. Artıq bizim dövlətimizin əsasında bir ideoloji platforma dayanır və bu platformanın üzərində daha çox işlənilməlidir. Onun cəmiyyətə çatdırılması üçün ardıcıl iş aparılmalıdır ki, Azərbaycan xarici təsirlərdən qoruna bilsin”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova isə deyib ki, Azərbaycanın xarici və daxili siyasətində fundamental yanaşması, həmçinin konkret fəaliyyət istiqamətləri mövcuddur:

“Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, taktiki, hətta bəzən strateji hədəflər dəyişilsə də, biz heç bir halda məqsəd və məramlarımızdan uzaq düşmürük.

Düşünürəm ki, Azərbaycanın uğurunu təmin edən əsas amil dövlət başçımızın intensiv şəkildə yürütdüyü siyasətdir. Bu istiqamətdə dövlət başçımızın gündəlik iş qrafikinə nəzər yetirmək kifayətdir ki, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində göstərdiyi qətiyyətin şahidi olasan. Siyasi səriştə, şəxsi keyfiyyətlər, həmçinin emosional intellekt baxımdan qəbul etdiyi qərarlar Azərbaycanın mövcud mövqedə qərarlaşmasını şərtləndirən əsas amillərdir. Bunu gücləndirən əsas amil odur ki, biz harada başladığımızı, harada strateji pauza və taktiki geriçəkilmə etdiyimizi düzgün müəyyənləşdiririk.  Bu tapşırığın öhdəsindən gəlməyi bacarmaq üçün mütləq mənada Ümummilli Lider Heydər Əliyevin ideallarını izləməlisən. Həmin məktəbin ən parlaq təmsilçisi kimi cənab Prezident İlham Əliyev bu tapşırıqların öhdəsindən uğurla gəlir.

Bu istiqamətdə, təbii ki, müxtəlif dövrləri əhatə edən fəaliyyətlər var: 44 günlük Vətən müharibəsindən əvvəlki dövr, 2023-cü ilin yetişməsini əhatə edən mərhələ, eləcə də antiterror əməliyyatlarından sonra Azərbaycanın müəyyənləşdirdiyi yol xəritəsi. Gərgin proseslər şəraitində əldə olunan zəfəri qoruyub saxlamaq ilkin hədəfdir. Habelə, əldə olunacaq sülhün davamlılığı baxımından Azərbaycan sabitliyi daimi əsaslarla regiona gətirmək istəyir. Çünki buna kölgə salmaq istəyən, təhlükəsizliyin müxtəlif komponentləri vasitəsilə Azərbaycanın əleyhinə cəhdlər göstərən, daxilə nüfuz etmək istəyən qruplar, şəxslər və maraqların olduğu inkarolunmazdır.

İqtisadi özünütəminetmə, dövlətçilik, müstəqil qərar vermək və ideoloji baxımdan da güclü olmağımız əsas şərtlərdir. Azərbaycan tarixindən kifayət qədər dərs çıxarıb. Bu baxımdan da tariximizi unutmadan sülhün gətirilməsinə çalışırıq. Ümumi müdafiə xərcləri və təhlükəsizlik sahələrinə təxminən 9 milyard manat vəsaitin ayrılması da təsadüfi deyil. Deməli, göstərilə biləcək cüzi zəiflik özü ilə ciddi suallar doğura bilər. Bu baxımdan da Azərbaycan bu xərclərlə aqressiya yaratmır, özünü qarantiya almaq yolunu seçir”.

sebnem hesenova 900x506 4
Şəbnəm Həsənova 

Politoloq bildirib ki, Azərbaycanın daxili işlərinə qarışılması yolverilməzdir:

“Dövlətimiz dünyəvi dövlətdir. Milli və mədəni dəyərləri, söz, fikir və mətbuat azadlığını hər zaman prioritet olaraq müəyyənləşdirib. Buna görə də Azərbaycanın qərarlarında təsir sahibi və iştirakçısı olmağa çalışan qüvvələrin qarşısında dövlət başçımızın çıxışı, ritorikası, yerində, məkanında və zamanındadır.

Azərbaycan müxtəlif güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Çin, ABŞ və Avropa dövlətləri ilə qurulan münasibətlər, həmçinin regional aktorlarla münasibətlərin kəskinləşməsində maraqlı olmamaq, bunda təşəbbüs göstərən tərəf kimi çıxış etməmək, tam əksinə, münasibətlərin sağlam və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi Azərbaycan üçün olduqca önəmlidir.

Dünya bizə yeni çağırışlar təqdim edir. Bu istiqamətdə enerji ixracının, tranzit marşrutlarının inkişafı zərurətdir. Azərbaycan məhz bu zərurətləri nəzərə alaraq, bölgənin əməkdaşlıq platforması kimi tanınmasında maraqlıdır.

Dövlətlərarası münasibətlərin normal olması, məzhəb ayrı-seçkilərindən uzaq davranmağımız ən böyük nemətimizdir. Bilinməli və qəbul edilməlidir ki, dövlət təsisatlarımızın xarici himayədarlıqdan, dövlətçiliyimizin isə təzyiq siyasətindən uzaq olması cızılan ssenarilərdən tamamilə uzaq durmağa yönəlib.

Buna görə də cəmiyyətin sağlam əsaslarla dövlətçiliyə olan gözləntilərinin davam etdirilməsi, daha möhkəm əsaslarla formalaşdırılması vacibdir. Uzaqgörən Liderimiz bildirir ki, formal deyil, nəticəyönümlü iş ortaya qoyulmalıdır. Çünki bunun sadəcə olaraq alternativi yoxdur.

Cənab Prezident İlham Əliyev də cəmiyyətin şüurlu, vətənpərvər və dövlətçi ruhda yetişməsini, daha da möhkəmlənməsini qarşıda duran tapşırıq kimi müəyyənləşdirir. Odur ki, öz dünyəvi kimliyimizin qorunub saxlanılması olduqca vacib və zərurətdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: