celik azerbaycan 131

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüsü Ömər Çelik Ankara ilə Bakı arasına heç bir ölkənin və siyasi dairənin girməsinə imkan verilməyəcəyini deyib.

AKP rəsmisinin iki ölkə arasında gərginliyin olduğu və Azərbaycana qarşı Türkiyədən ittihamların səsləndirildiyi bir zamanda bu açıqlaması diqqət çəkir.

Mövcud gərginliyi əngəlləməyin yolu nədir? Ümumiyyətlə, AKP-nin bu məsələdə rolu nədən ibarətdir?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, qardaş ölkənin hakim partiyası olan AKP-nin sözçüsü Ömər Çelikin dedikləri bir daha Türkiyənin Azərbaycan ilə münasibətlərinə, həmçinin ölkəmizin də Ankaraya verdiyi önəmin göstəricisidir:

“Həqiqətən, Türkiyə-Azərbaycan münasibətlərinin korlanmasını istəyən çoxsaylı dövlətlər, güc mərkəzləri var. Buna görə də vaxtaşırı onlar münasibətlərdə zəif nöqtə aşkar edir və dərhal onu böyüdüb, şişirdərək həm Azərbaycan, həm Türkiyə cəmiyyətinə təqdim etməklə qarşılıqlı ictimai iddialar yaradırlar. Düşünürəm ki, AKP-nin bu istiqamətdə cəmiyyəti maarifləndirməsi üçün böyük potensialı var. Çünki partiya universal dəyərlər və ənənələrdən gələn partiyadır. Həmçinin partiyanın dini ənənələri də var. Ona görə AKP Türkiyə cəmiyyətinin müxtəlif təbəqələrinə təsir edə bilər.

hikmet babaoglu 900x615 1
Hikmət Babaoğlu

Amma biz həm də onu bilirik ki, Türkiyədə camaatlaşma, müxtəlif dini qruplaşmalar, bəzi xarici dövlətlərin təsiri altında olan məzhəb qrupları var. Eyni zamanda türk vətəndaşı olub, müxtəlif səbəblərdən Azərbaycana qarşı aqressiv şəkildə köklənmiş qruplar da var. Məsələni böyüdən, dövlətlərarası münasibətlərə zərər vurmaq istəyən qüvvələrin dəstəkçiləri bunlardır. Məsələn, gizli erməni qruplar var ki, buna misal ola bilər. Onlar bir çox halda yüksək tribunalarda ölkəmizə qarşı iddialar səsləndirirlər. Çünki onlar iki ölkə münasibətlərinin inkişafını təhdid kimi görür. Bu səbəbdən AKP belə məsələlərdə nələrsə etməlidir”.

Türkiyəli hərbi ekspert Abdullah Ağar isə bildirib ki, Ankara ilə Bakı arasındakı qardaşlıq hər şeydən üstündür:

“Bu qardaşlıq müxtəlif sınaqlardan çıxaraq bu gün böyük bir güc halına gəlib. Yəni iki ölkə təkcə öz gələcəklərini deyil, birgə əməkdaşlığın gələcəyini də qurublar. Bölgədə sülhün, əmin-amanlığın, inkişafın əsasını birlikdə qoyublar. Görünür, kimlərsə bundan çox narahat olub. Özü də artıq məsələ sirr deyil. 1993-cü ildən etibarən biz bu kimi fitnə-fəsadlarla üz-üzə qalmışıq və Allahın izni ilə bunları keçmişik. Amma artıq yeni metodlardan istifadə edirlər.

WhatsApp Image 2024 11 01 at 16.00.49
Abdullah Ağar

Məsələn, İsrailin Baş naziri Benyamin Netanyahu BMT-də danışarkən azərbaycanlı diplomat orada qaldı. Dövlət ağlı onun orada qalmasına qərar verib. Özü də 4-5 diplomatdan sadəcə biri orada qalıb. Bunu dilə dolayıb çox şey dedilər. Sonra Azərbaycanda hicab qadağası var dedilər. Bunu, görünür, çox adam bilmir, ona görə bunu da deyim. Azərbaycan hicabı qadağan etmir. Azərbaycan öz milli mənəvi baş örtüsünün istifadə edilməsini istəyir. Bu nədir? Kəlağayı. Yəni ərəb və İran mənşəli formanın istifadəsini istəmir. Çünki Azərbaycan bunun təhdidini yaşayır. Xüsusilə ölkənin şimalında sünnilər yaşadığı yerdə ərəb kökənli, vahabi-sələfi kimi dini ideologiyalar sirayət etməyə çalışır. Ölkə miqyasında İran bənzər taktikadan istifadə edir. Xüsusilə kütlə toplayıb təsir qrupu yaratmaq istəyir. Ən pisi də bu prosesdə uşaqlardan istifadə edilir. Lakin hicabın hansısa qadağası deyə bir şey yoxdur. Lakin Türkiyədə bu, hicab qadağası kimi anlaşıldı.

Görünür, kimlərsə bundan istifadə edib fitnə yaratmağa çalışır. Məsələnin həll yolu fitnəyə uymamaqdır. Azərbaycan ilə Türkiyənin münasibətlərinin pozulmasında kimlərin maraqlı olduğu bəllidir. Çünki bir daha deyirəm, bu iki ölkənin ortaya qoyduğu güc bəzilərini narahat edir.

Mən Azərbaycanın inanc azadlığına bağlı olduğunu, inancların təminatı olduğunu bilirəm. Kimlərsə fərqli cümlələr də qura bilər, dövlət buna aydınlıq gətirməlidir. Əks təqdirdə, kimlərinsə saf inancından istifadə edə bilərlər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: