Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Naxçıvanın blokadadan çıxarılması və Zəngəzur istiqamətində kommunikasiyaların açılması üçün maraqlı təklif irəli sürüb. O bildirib ki, vəziyyətdən çıxış yolu kimi Mehri dəmir yolunun tam bərpa edilərək istifadəyə verilməsi uyğun həll üsulu ola bilər. T.Zülfüqarov eyni zamanda dəmir yolunun gələcək statusu və istismar qaydalarının Azərbaycan-Ermənistan danışıqları çərçivəsində müəyyənləşdirilməsini, bərpa işlərinin təhlükəsizliyinin isə Azərbaycanın güc strukturları və digər maraqlı tərəflərin iştirakı ilə təmin olunmasını mümkün variant kimi göstərib.
Sabiq nazir bununla yanaşı, Azərbaycanın ABŞ və Rusiya ilə aparılan danışıqlarda prosesə tamhüquqlu tərəf kimi iştirakını tələb etməli olduğunu bildirib. Onun fikrincə, dəmir yolunun bərpası ilə bağlı praktiki işlərin başlanması Zəngəzur istiqamətində yaranmış durğunluğun aradan qaldırılması üçün əsas addımlardan biri ola bilər.
Tofiq Zülfüqarovun təklif etdiyi Mehri dəmir yolunun bərpası real olaraq necə həyata keçirilə bilər? Bu xəttin təhlükəsizliyinin Azərbaycanın güc strukturlarının iştirakı ilə təmin olunması hansı hüquqi və siyasi məsələləri gündəmə gətirir? Təklifin reallaşması Naxçıvanın blokadasının aradan qaldırılması və Zəngəzur kommunikasiyalarının açılması prosesini sürətləndirə bilərmi?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Naxçıvanın blokadadan çıxarılması və Azərbaycanın qərb rayonları ilə arasında birbaşa quru bağlantısının yaradılması baxımından Mehri istiqamətində dəmir yolunun bərpası texniki olaraq tamamilə real layihədir:
“Söhbət sovet dövründə mövcud olmuş dəmir yolu xəttinin müəyyən hissələrinin yenidən qurulmasından gedir. Lakin bu layihənin əsas çətinliyi texniki deyil, hüquqi və siyasi xarakter daşıyır.
Məlumdur ki, hazırda Azərbaycan artıq Zəngilan–Ağbənd istiqamətində öz ərazisində dəmir yolu infrastrukturunu qurur. Azərbaycan ərazisində xəttin böyük hissəsi üzrə işlər davam edir, Naxçıvan istiqamətində dəmir yolunun Ermənistan sərhədinədək 7 kilometrlik hissəsinin tikintisinə başlanılıb.
Bu səbəbdən Mehri dəmir yolunun bərpasının ən real modeli üç mərhələdən ibarət ola bilər:
–Birincisi, Ermənistan ərazisində mövcud marşrutun texniki auditinin aparılması və layihələndirmə;
–İkincisi, yol, körpü, tunel, siqnalizasiya və stansiyaların bərpası;
–Üçüncüsü isə istismar, gömrük və təhlükəsizlik mexanizmlərinin ayrıca razılaşdırılması.
Burada əsas məqam odur ki, xəttin tikintisi ilə onun idarə olunması eyni məsələ deyil.
2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Azərbaycan–Ermənistan Birgə Bəyannaməsi artıq bu istiqamətdə siyasi baza yaradıb. Sənəddə Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının təmin edilməsinin vacibliyi təsdiqlənib, Ermənistanın ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə TRIPP layihəsinin çərçivəsini müəyyənləşdirəcəyi bildirilib. Eyni zamanda, kommunikasiyaların dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında açılması ayrıca vurğulanıb”.

Yusif Bağırzadə
Politoloq qeyd edib ki, məhz bu məqam Azərbaycan güc strukturlarının xəttin təhlükəsizliyində iştirakına dair təklifin ən həssas tərəfidir:
“Ermənistan ərazisində Azərbaycan hərbi və ya digər təhlükəsizlik qüvvələrinin birtərəfli qaydada yerləşdirilməsi bu ölkənin suverenliyi və yurisdiksiyası ilə bağlı ciddi hüquqi problem yaradardı. İrəvan hökuməti də açıq şəkildə bildirir ki, öz ərazisindən keçən kommunikasiyaların təhlükəsizliyi Ermənistan tərəfindən təmin edilməlidir və üçüncü ölkənin silahlı qüvvələrinin iştirakı nəzərdə tutulmur.
Buna görə daha real model Azərbaycanın güc strukturlarının xətt üzərində birbaşa fiziki nəzarəti deyil, birgə təhlükəsizlik mexanizmləri, məlumat mübadiləsi, sərhəd və gömrük koordinasiyası və beynəlxalq iştirakın hüquqi çərçivəyə salınması ola bilər. Belə mexanizm tərəflərin suverenlik prinsiplərini pozmadan təhlükəsizlik narahatlıqlarını azaltmağa imkan verə bilər.
Bu baxımdan, Mehri xəttinin bərpası Naxçıvanın blokadadan çıxarılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Çünki Azərbaycan artıq öz ərazisində infrastruktur yaradır və Ermənistan ərazisindəki nisbətən qısa hissənin də inşa edilməsi ilə bütöv marşrut fiziki olaraq tamamlanar. Lakin layihənin sürəti dəmir yolunun tikintisindən daha çox onun idarəetmə, təhlükəsizlik, gömrük və tranzit rejiminə dair siyasi razılaşmadan asılı olacaq.
Deməli, Mehri dəmir yolunun bərpası real və praktik alternativdir, lakin onun uğuru, “Kimin ərazisində hansı qüvvə təhlükəsizliyi təmin edəcək?” – sualına veriləcək cavabdan asılıdır. Hazırkı hüquqi çərçivə Ermənistan ərazisində Ermənistanın suverenliyini və yurisdiksiyasını əsas götürür. Buna görə Azərbaycan üçün daha işlək yanaşma öz təhlükəsizlik maraqlarını təmin edən, lakin Ermənistanın yurisdiksiyası ilə toqquşmayan çoxtərəfli mexanizm formalaşdırmaqdır. Bu halda, Mehri xətti yalnız Naxçıvanın blokadasının aradan qaldırılması deyil, Azərbaycan–Ermənistan münasibətlərinin iqtisadi və nəqliyyat əsaslarının möhkəmləndirilməsi vasitəsinə də çevrilə bilər”.
Turan Rzayev
Globalinfo.az