Müharibə alovu sərhədimizə yaxınlaşır – Bakı hansı qərarı verəcək?

İordaniyadakı ABŞ bazasına hərbçilərin ölümü ilə nəticələnən hücum fonunda Tehran-Vaşinqton gərginliyi pik həddə çatıb. Vaşinqtonun hücumdan sonra verdiyi bəyanatlar İrana hərbi müdaxilə, habelə regiondakı proksi qüvvələrinə qarşı əməliyyatların təşkilini gündəmə gətirir.

Bəzi ekspertlər iddia edir ki, ABŞ İranla birbaşa toqquşmadan yayınmaq üçün əlindən gələni edəcək. İran hücumların məsuliyyətini üzərindən atsa da, Vaşinqtonun açıqlamaları birmənalıdır.

Maraqlıdır, regionda İran-ABŞ müharibəsi baş verə bilərmi? Rəsmi Vaşinqton gərginliyi artırmaqla nəyə nail olmaq istəyir? İran-ABŞ gərginliyinin Azərbaycana təsiri olacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İran müxtəlif ölkələrdə ona bağlı olan qrupları həm maliyyələşdirir və silahlandırır, həm də əmrlər verir:

“ABŞ Prezidenti Co Bayden İranı cəzalandıracağını açıqlayıb. Ağ Ev İrana qarşı gizli əməliyyat keçirmək imkanları nəzərdən keçirir. İranda bu yaxınlarda güclü partlayış nəticəsində xeyli ölən oldu. İran buna cavab olaraq İraq və Pakistan ərazilərinə zərbələr endirdi və bu, Tehranın qonşu ölkələrlə münasibətlərində əlavə gərginlik yaratdı.

Tehran məntiqlə ABŞ-la əlavə gərginlikdən çəkinməlidir, çünki cavabın necə və hansı formada olacağını müəyyənləşdirə bilməz. Ancaq İranda qərar verən mərkəzlərin məntiqi olsaydı, husiləri Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara həvəsləndirən dəstək açıqlamaları verməz, qonşu Azərbaycanla münasibətləri normallaşdırmaq üçün zəruri addımlar atardılar. Bu baxımdan ABŞ-ın Yaxın Şərqdəki hərbi bazasına hücumun da arxasında eyni “məntiq” dayanır”.

Politoloq deyib ki, ABŞ-la İran arasında gərginlik artanda “bunun Azərbaycana hansı mənfi təsirləri ola bilər” sualı aktuallaşır:

“Vaşinqton İranın mövqelərinə zərbə endirməyi planlaşdırır. Bununla Yaxın Şərqdəki toqquşmalar Cənubi Qafqazın sərhədinə yaxınlaşır. Azərbaycan bölgədə xaos yaşanmasında maraqlı deyil, ancaq vəziyyət gərginləşərsə, tərəflərdən eyni məsafədə qalmalıyıq. Mövcud vəziyyət Azərbaycanın İranla quru sərhədini açmasını mümkünsüz edir. İrandakı dairələr hər hadisədə “İsrail izi” axtarır, Azərbaycanı isə Təl-Əvivlə əməkdaşlığa görə ittiham edirlər. Halbuki Azərbaycanın İsraillə əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır və İrana qarşı yönəlməyib.

Elxan Şahinoğlu

Ancaq orası da var ki, İsrail hökuməti ABŞ-ın İranı sərt cəzalandırmasının tərəfdarıdır və əgər bu baş verərsə, Tehran Təl-Əvivlə əməkdaşlıq edən ölkələrin ünvanına yenə bəyanatlar səsləndirəcək. Türkiyə İsraili sərt tənqid etsə də, iqtisadi əməkdaşlıqdan vaz keçməyib. Eynilə Azərbaycan da Yaxın Şərqdəki hadisələrdən narahat olsa da, İsraillə əməkdaşlıqdan imtina etməyəcək”.

Turan Rzayev
Globalinfo.az