“Ayhan Bora Kaplan” istintaqı çərçivəsində Ankara polisində 3 yüksək rütbəli polis məmurunun vəzifədən uzaqlaşdırılmasının ardından bütün gözlər Ankara Polis İdarəsinin rəisi Engin Dinçə çevrilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Məlumata görə, istintaq çərçivəsində Engin Dinçin də vəzifəsindən uzaqlaşdırılacağı iddia olunur.
Qeyd edək ki, 1 avqust 2023-cü ildə imzalanmış fərmanla Ankara Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunan E.Dinç əvvəllər Kəşfiyyat Şöbəsinin rəisi, Əskişəhər polis rəisi və daha sonra isə Konya Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.
Bundan başqa, Hrant Dink cinayətində mühakimə olunduğu bilinən Dinç Ankara Vağzalında partlayış baş verən zaman Kəşfiyyat İdarəsinin rəisi olub.
E.Dinç Əskişəhərdə polis rəisi çalışdığı müddətdə bir akademikin qətli ilə yenidən gündəmə gəlib. Həmçinin Dinç Konyada polis rəisi vəzifəsində çalışdığı müddətdə bir kürd ailəyə hücum edilmiş, 3-ü qadın olmaqla, 7 nəfər həyatını itirmişdi.
E.Dinç müxtəlif dövrlərdə ABŞ, Bosniya və Herseqovina və Kosovada xidmət edib.
Qeyd edək ki, Ankara Baş Prokurorluğu hökumətə qarşı mümkün çevrilişi araşdırır.
“İstintaq Cinayət Məcəlləsinin “Türkiyə Respublikası hökumətinə qarşı üsyan” maddəsi ilə aparılır. Bu da dövlətin təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı cinayət törətmək üçün qanunsuz bir təşkilatın yaradılmasından, habelə “sirrin açıqlanması”, “məhkəmə məmuruna, ekspertinə və ya şahidinə təsir göstərmək cəhdi” və digər maddələrdən bəhs edir”, – məlumatda deyilir.
Qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan gecə saatlarında kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə təcili toplantı keçirib. Buna səbəb Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dövlət çevrilişi cəhdi ilə bağlı etdiyi xəbərdarlıq olub. Prezidentin bu gün günortadan sonra hakim partiyanın parlamentdəki iclasında məsələ ilə bağlı çıxış edəcəyi gözlənilir.
Xatırladaq ki, Türkiyədə Ankara Təhlükəsizlik Müdirliyinin bir neçə əməkdaşının işdən çıxarılması böyük səs-küyə səbəb olub. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham edilib, evlərində axtarış aparılıb.