“Hizbullah”ın İsrail-HƏMAS müharibəsi ilə bağlı üç ssenarisi var” – Əlimusa İbrahimov

Globalinfo.az HƏMAS-İsrail müharibəsi ilə bağlı politoloq Əlimusa İbrahimovun müsahibəsini təqdim edir:

– Əlimusa bəy, “Hizbullah” rəhbəri Həsən Nəsrullah İsrail-HƏMAS müharibəsinin başlamasından bəri sükutunu qoruyurdu. Dünən isə ekran qarşısında mühüm açıqlamalar verdi. Verdiyi açıqlamaya, habelə qeyd etdiyi məqamlara bir azdan qayıdacağıq. Maraqlıdır, onun bu qədər vaxt səssiz qalmasının səbəbi nə idi?

– “Hizbullah” rəhbəri Həsən Nəsrullah İsrail-HƏMAS toqquşmalarının başlanmasından bəri məqsədyönlü şəkildə susurdu. Bu əvvəllər heç görünməyən bir hadisə idi. Məsələ ondadır ki, Qəzzada bir fələstinli uşağın öldürülməsi ilə bağlı xalqa müraciət edən lider 10 minə yaxın tələfat qarşısında susurdu.
Nəhayət, səssizliyi pozdu və ekran qarşısına sıxaraq saat yarım livanlılarla danışdı. Onun sükutunun birdən çox səbəbi var. Lakin əsas səbəb kimi ölkələrinin müharibəyə gedəcəyini gözləyən livanlıların narahatlığını göstərmək olar. Hərçənd onun çıxışı Livan və livanlıları düşündürən sualları cavablandıra bilmədi. Region yenə də əsəb gərginliyinə qapandı.

– “Hizbullah” lideri çıxışında İran ilə bağlı demək olar ki, heç nə demədi…

Həsən Nəsrullah

– Nəsrullah deyib ki, HƏMAS oktyabrın 7-də 1400 israillinin ölümü ilə nəticələnən əməliyyatları tam məxfilik şəraitində planlaşdırıb və hətta İran və “Hizbullah” kimi regionun tanınmış oyunçuları bir yana qalsın, hətta Fələstindəki digər qruplaşmalar da bundan xəbərsiz olub. Onun fikrincə, məhz “Böyük məxfilik bu əməliyyatı çox uğurlu edib”.

Nəsrullahın faktiki olaraq qabarıq şəkildə ifadə etmək istədiyi tezis İranın HƏMAS-ın İsrailə müdaxilə etməsində əlinin olmadığıdır. O, İran rəhbərlərinin ardınca Tehranın günahsız olduğunu sübut etməyə çalışırdı.

Deməli, İran öz proksilərini əvvəllər verdiyi bəyanatlara uyğun olaraq İsrailə qarşı müharibəyə deyil, özünü müdafiə etməyə qaldırıb. Bu həm də o anlama gəlir ki, nə Livan “Hizbullah”ı, nə də İranın digər proksiləri yaxın günlərdə İsrailə qarşı müharibəyə qoşulmayacaq.

– “Hizbullah” rəhbəri Həsən Nəsrullahın sükutunu pozması ciddi hadisə olsa da onun dedikləri həqiqətən də qarışıq və mücərrəd idi. Sizcə, “Hizbullah” bundan sonra nə edəcək?

– İsrailin artıq davam edən Qəzzaya müdaxiləsi və HƏMAS-ın quru əməliyyatına qarşı müqavimət qabiliyyətinə əsaslanaraq, “Hizbullah”ın qarşısında müxtəlif ssenarilər var:

Birincisi, İsrailin Qəzzaya quru əməliyyatı zamanı HƏMAS kifayət qədər müqavimət göstərə bilir və atəşkəs əldə edilənə qədər sağ qalmaq ümidi verir.

Bu halda “Hizbullah” məhdud eskalasiyanın hazırkı modelini davam etdirəcək, çünki onlar hesab edirlər ki, bununla, İsrailin bəzi hərbi hissələrini Qəzzadakı döyüşlərdən yayındırmağa məcbur edirlər.

İkincisi, İsrailin Qəzzaya qurudan hücumu və HƏMAS-ın İsrailin hücumundan sağ çıxa bilməyəcəyini proqnozlaşdıran bir ssenaridir. Burada “Hizbullah”ın Qəzza-İsrail müharibəsinə tam müdaxilə etmək qərarına gəlmək ehtimalı var.

Belə bir müdaxilənin nə demək olduğu bəlli deyil, lakin ehtimal ki, bu, Livan milislərinin ehtiyatda saxladığı 150,000-ə yaxın raketlərin dövriyyəyə buraxılmasını əhatə edəcək. Bu raketlərin müəyyən qisminin İsrailin mərkəzinə çatmaq imkanı var.

Belə bir ssenaridə İsrail rəsmiləri Livanı “daş dövrünə” qaytaracaqları barədə artıq xəbərdarlıq ediblər.

Üçüncüsü, İsrailin işğalı və HƏMAS-ın döyüşdə uduzduğu, lakin buna baxmayaraq, “Hizbullah”ın müdaxilə etmədiyi ssenaridir.

Bu halda “Hizbullah”ın sponsoru olan İran qərar verə bilər ki, İsraillə müharibədə həm HƏMAS-ı, həm də “Hizbullah”ı itirmək riskinə girmək istəmir.

Həsən Nəsrullahın məlum müraciətindən sonra sonuncu ssenarinin həyata keçirilməsi ehtimalı olduqca yüksəlib. İran hazırda özünü və digər proksilərini qorumaq barədə düşünür.

– Əlimusa bəy, ABŞ-ın məsələyə yanaşması da diqqət çəkir. Vaşinqton sanki ehtiyatlı davranır və hələlik kənardan izləmək ilə kifayətlənir…

– ABŞ dəfələrlə “Hizbullah”a və İranın dəstəklədiyi digər qruplara münaqişədən kənarda qalmaları üçün xəbərdarlıq edib və potensial gərginliyin qarşısını almaq üçün bölgəyə təyyarə daşıyan gəmilər və hərbi dəniz qüvvələri yerləşdirib.

Maraqlıdır ki, “Hizbullah” lideri Qəzzadakı müharibədən ABŞ-ın məsuliyyət daşıdığına işarə etdi. O, atəşkəsə mane olan tərəfin ABŞ olduğunu təsdiq etdi. Nəsrullah regional münaqişənin alovlanacağı təqdirdə ən böyük itirənin ABŞ olacağını da vurğuladı.

Nəsrullah, ABŞ donanmalarının Əl-Əqsa tufanı hücumlarının ilk günündən onları bombalamaqla təhdid etdiyini bildirərək, ABŞ-ın təhdidlərinin nəticə vermədiyini bildirdi. “Aralıq dənizindəki donanmalarınız bizi qorxutmayıb və qorxutmayacaq. Bölgədə münaqişələrin genişlənməsinin qarşısını almaq istəyən hər kəs Qəzza zolağına hücumu dayandırmağa çalışmalıdır” dedi.

Amma hesab edirəm, ABŞ-ı narahat edən məsələ Suriyanın Livandakı “Hizbullah” qruplaşmasına silah yardımı etməsidir.

– Suriya “Hizbullah” qruplaşmasına silah yardımı edir?

– Kəşfiyyatla yaxın əlaqəsi olan suriyalı iki mənbənin CNN-ə verdiyi məlumata görə, Suriya Prezidenti Bəşər Əsəd Livandakı “Hizbullah” qruplaşmasını Rusiya istehsalı olan havadan müdafiə sistemi ilə təmin etməyə razılıq verib.

Mənbələrin bildirdiyinə görə, “Vaqner” qrupuna “Yer-hava” tipli SA-22 raket kompleksinin çatdırılmasını həyata keçirmək tapşırılıb. Bu komplekslərin çatdırılıb-çatdırılmadığı və ya çatdırılmaya nə qədər yaxın olduğu bəlli deyil. Mənbələr bildiriblər ki, sistemlər əvvəlcə Rusiya tərəfindən Suriya hökumətinin istifadəsi üçün təqdim edilmişdi.

Suriya və “Vaqner” tərəfindən Livandakı “Hizbullah” qruplaşmasının silahlandırılması barədə xəbər ikinci cəbhəni elə İsrailin açmalı olacağını deməyə əsas verir. Təbii ki, ABŞ-ın yardımı ilə.

Turan Rzayev
Globalinfo.az