Gərginlik: Ordumuz müdafiə xəttini buradan yara bilər – “Ən zəif hissə…”

Ermənistan son günlər Azərbaycanla şərti sərhədə qoşun, hərbi texnika yığmağa, təxribatlar törədərək gərginliyi artırmağa davam edir. Sərhədyanı rayonlara əhalinin köçünü nəzərə alanda bu təxribatların həm də mülki əhaliyə yönəldiyini demək olar.

Maraqlıdır, Azərbaycan Ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bufer zona yarada bilərmi? Ehtimal silsilə gərginlik fonunda Azərbaycan Ordusunun əməliyyat taktikası necə ola bilər? Hazırda sərhədin hansı istiqamətlərində erməni müdafiə xətti daha asanlıqla yarıla bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, hər iki tərəfin ordusunda hərəkətlənmə var, sanki hazırlıq içindədirlər:

“44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında bəzi ərazilərdəki yüksəklik rəsmi İrəvanın nəzarətində idi. Davamlı olaraq ölkə sərhədlərimizə qarşı problem yaradırdılar. 2022-ci ilin sentyabrındakı sərhəd toqquşmasında Azərbaycan Ordusu bufer zona yaratmağın əsasını qoydu”.

Səxavət Məmmədin fikrincə, baş verən gərginliklərin məntiqi sonu olmalıdır:

“Siyasi gərginlik pik həddə çatdığı zaman hərbi gərginlik başlayır. Hazırda siyasi gərginliklə paralel olaraq sahədə hərbi gərginlik mövcuddur. Yəni mümkün lokal əməliyyat ehtimalı yüksəlir.

Bunun fonunda Tovuz və digər istiqamətlərdə əməliyyat keçirmək mümkün deyil. Çünki burada tərəflərin bir-birinə ərazi iddiası yoxdur. Qazax və Kərki isə mümkün variantlardan biridir.

Amma hazırda Ermənistanı sülh müqaviləsi imzalamaq, kapitulyasiyaya gətirmək üçün Azərbaycanın ən ideal variantı Kəlbəcər-Naxçıvan istiqamətidir. Bu, ən qısa məsafədir. Ermənistanın Kəlbəcər istiqamətindəki mövqeləri digərləri ilə müqayisədə son dərəcə zəifdir. Ona görə də sözügedən hissəni tam şəkildə bağlamaq mümkündür. Ermənistan ərazisi də bununla 70/30 iki hissəyə bölünə bilər”.

Hərbi ekspert ermənilərin bir dəfə kapitulyasiyaya getməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

“44 günlük Vətən müharibəsi Azərbaycan ərazisində olub. Kapitulyasiya da torpaqlarımız üzərindən aparılıb.

Ermənistan ərazisində əməliyyatlar başlayarsa, bu, fərqli yanaşma olacaq. Məsələn, Zəngəzur dəhlizinin giriş hissəsini Azərbaycana verə bilərlər. Doğrudur, buna şərait yetişməyib, amma proseslərin gərginləşməsi böyük əməliyyatların başlamasına təkan verəcək. Nə Qərb, nə də Rusiya regionda sülhün əldə olunmasını istəyir. Böyük güclər münaqişənin baş verməsində maraqlıdırsa, Azərbaycan və Ermənistan müharibədən qaça bilməyəcək. İkinci münaqişə ocağı isə Ermənistan ərazisində yaranacaq”.

Safura Bənnayeva
Globalinfo.az