Ekspert əməliyyatların detallarını açıqladı – İrəvan niyə müdaxilə etmir?

Globalinfo.az siyasi şərhçi Aqşin Kərimovun müsahibəsini təqdim edir:

– Aqşin bəy bildiyiniz kimi, Azərbaycan Müdafiə Nazirliyi rəsmi şəkildə elan etdi ki, ordumuz Qarabağda lokal antiterror əməliyyatına başlayıb. Əməliyyatların məhz indi başlamasına səbəb nə oldu?

– Qarabağdakı antiterror tədbirlərin görülməsi gündəmdə idi. Lakin müharibəyə qədər Bakı maksimal şəkildə erməni silahlıları üzərində güc tətbiqi ilə dərin psixoloji iztirabların hibridini yaradıb nəticələrə çatmaq istəyirdi. Görünən odur ki, separatçıların son atdığı addımlar Bakının səbrinin daşmasına səbəb oldu.

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Nəticədə isə gərginlik antiterror tədbirlərinə çevrildi.

– Ermənistan prosesə müdaxilə etmir. Bir növ separatçıları yalnız qoydu. Biz isə Ermənistanın arxadan zərbə vuracağını gözləyirdik…

– Azərbaycanla Ermənistan arasında müharibə ehtimalları həmişə mövcud olub və sonrakı günlərdə, aylarda və ya illərdə bu gündəlik praktiki şəkildə özünü göstərib. Burada strateji məqamlar və texniki prosedurlardan irəli gələn vəhdət birləşir.

Azərbaycanla Ermənistan arasındakı 10 noyabr bəyanatından sonrakı dinamika hərb və sülh modelinin harmoniyası şəklində inkişaf edib. Buna görə də, hərbi gərginliklər və bunun səngiməsi hallarının olması başadüşüləndir – bu, ikitirəfli gündəliyin xarakteristikasının bəhrəsidir.
Ən nəhəng ölçüdə isə gərginlik üçün baza elementlər qalmaqdadır. Məsələn, Ermənistan işğalçılıq siyasətindən əl çəkdiyini rəsmiləşdirən sənəd və doktrina qəbul etməyib. İrəvanın ara-sıra sülhlə bağlı təkliflər paketi situativ olaraq regional panoramada cəlbedici görünür, lakin İrəvan uzunmüddətli hədəf üçün addımlar atmaq zamanı yetişəndə ziddiyyətli davranır.

Azərbaycanın maraqları isə maksimalistdir, bu sözü deməkdən çəkinmirəm, çünki Bakının ali məramı regionda bir daha sülh və təhlükəsizliyin əksinə olan xislətlərin yetişməməsi üçün hərəkətlərə söykənir.

Ancaq Ermənistanın fitrəti dəyişmir, Azərbaycan bunun öhdəsindən gəlməkdən ötrü xeyli sayda manevrlər edir və bunu üzdə müxtəlif şəkildə prioritetləşdirir. Dərin strateji məzmunda isə Azərbaycanın icra edəcəyi bəzi maddələr var, bu, milli təhlükəsizliyin yaxşı şəkildə təmininə yönəlik planların məcmusudur.

– Aqşin bəy, separatçıların son günlər aktivliyi müşahidə olunurdu. Nəzərə alsaq ki, hazırda Ermənistan da prosesə səssiz qalıb, bəs onlar kimə və ya hansı gücə arxayın olub rahat hərəkət edirdi?

– Bakının antiterror əməliyyatına başlamasının arxası çoxşaxəli maraqlarla doludur, buraya nəqliyyat-loqistika mərkəzləri, enerji resurslarına nəzarət uğrundakı mübarizədən tutmuş, hərbi-strateji nöqtələrə qədər geniş məzmun daxildir. Bölgədə bu zamana qədər kimin gizli gündəliyi olubsa, Qarabağdakı müharibədən sonra onu aşkara çıxarıbsa, onların hamısının pərdəarxasındakı rolu gərginlik üçün mənbədir. İndi özünüz nəticə çıxarın – kimdir müqəssir?

ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, İran dünya siyasətində hansı şəkilləndirmələrlə oynayırsa, bunu Cənubi Qafqazda da hiss etdirirlər. Mənə görə, pafosdan uzaq şəkildə qeyd edirəm ki, gizli gündəliyi və strateji genişlənmək siyasəti olsa da, ən etibarlı və inandırıcı Türkiyənin mövqeyidir. Çünki Ankaranın sülh və təhlükəsizliyə dair proqramı səmimidir, daha regionda gərginlik ocağı yaratmaq prinsipləri ilə hərəkət etmir.

Avropa İttifaqının gündəmi də saxtakarlıqla zəngin deyil, hərçənd o, ABŞ-ın çətiri altına girəndə Vaşinqtonun maraqlarının ifadəçisinə çevrilir ki, Rusiya bundan bərk qəzəblənir. Sırf Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlərin Kremldə dərin siyasi hikkə oyatdığı fikrindən uzağam. Çünki Avropa İttifaqı Rusiya ilə ABŞ arasında balanslaşdırıcı qüvvədir, maraqları tarazlayır.

– 18 sentyabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirildi. Bu brifinqdən sonra isə Bakı əməliyyatlara başladı…

– XİN-də xarici ölkə diplomatları üçün keçirilən brifinq Qərbin Azərbaycana qarşı təbliğat aparatını çürüdən mənalı cavab kimi qeyd olunmalıdır. Lakin Azərbaycan ünvanlı mesajlarından Rusiyanı da kənarda saxlamadı.

Verilən bəyanatların qayəsində bir növ Azərbaycanın mümkün hərbi əməliyyatlara başlanması üçün diplomatik-siyasi və informasiya zəminlərinin hazırlanması məqsədləri sezilirdi.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dördtərəfli görüş (Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan) təklifi etdi. Mövcud gərginliyi nəzərə alsaq, bu təklif proseslərə nə kimi töhfə verə bilər?

– Türkiyə liderinin təklifi Ankaranın pərdəarxasındakı vasitəçiliyinin üzə çıxmasıdır, Ankara Cənubi Qafqazdakı maraqlarının iddialılığını ortaya qoyur. Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqdan sonra və ABŞ-a yollanan ərəfədə bu fikri açıqladı. Deməli, razılıq Rusiyadakı danışıqlarda əldə edilib və Ərdoğan bunu Qərbdəki kuluarlarda da müzakirəyə çıxarır. Bu, Türkiyənin Qərblə Rusiya arasındakı gərginlikdə özünün manevr sahəsini genişlətməsinin indikatorudur.

Dördtərəfli görüş Nikol Paşinyanın Ərdoğanın bu təklifinə necə reaksiya verəcəyindən asılıdır. Paşinyana bu məsələdə maneə yaratmaq istəyən əsas qüvvələr ABŞ və Fransa ola bilər.
Başqa yandan, Paşinyan üçün çətindir: Bir tərəfdə Ermənistana diktələr edən Azərbaycan Prezidenti İlham Əliyev, digər yanda rəsmi Bakının strateji müttəfiqi Türkiyənin lideri, digər tərəfdə isə İrəvanı edam taxtına çıxarmaq istəyən Putin. Bu formatdakı danışıqlara Paşinyan gedərmi?!

Söhbətləşdi Turan Rzayev
Globalinfo.az