Deputat aeroport tikdirə bilərmi? – “Şikayətlər daxil olur ki…”

Növbədənkənar parlament seçkilərinə təxminən 3 həftə qalır. Bununla əlaqədar ictimaiyyətdə müzakirələr aparılır. Belə ki, insanları deputatların seçicilər qarşısında öhdəlikləri düşündürür.

Millət vəkillərinin seçicilər qarşısındakı öhdəlikləri nədən ibarətdir?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin VI çağırış deputatı Aqil Abbas deyib ki, deputat səlahiyyətli şəxslərə xahiş edərək yol da çəkdirə bilər, su da.

Onun fikrincə, deputatın təmsil etdiyi rayonda yollar pis gündədirsə, bunu xahiş yolu ilə həll etməlidir:

“Şəxsən mən kəndimizə və başqa kəndə xahiş edib, yol çəkdirmişəm. Amma ümumilikdə deputatın vəzifəsi xalqın sözünü hökumətə çatdırmaqdır. Deputatın vəzifəsi əhalinin sosial problemlərinə kömək edəcək qanunlar hazırlayıb, qəbul etməkdir. O bunu parlamentin nizamnaməsinə uyğun olaraq edə bilər. Məsələn, deputat özbaşına hava limanı tikdirə bilməz”.

Aqil Abbas deyib ki, hər bir halda deputat seçiciləri üçün əlindən gələni etməlidir:

“Məsələn, kimsə övladının təhsil haqqını ödəyə bilmir və mənə müraciət edir. Mən də ona dəstək oluram, müraciətlər edirəm və s. Amma deputatın başqa bir səlahiyyəti yoxdur, icraedici orqan deyil. Bu gün çox adam deputatdan iş istəyir. Biz də bacardığımız qədər təşkilatlara müraciət edirik. Şikayətlər daxil olur və onunla bağlı lazımi orqana məktub göndəririk. Həmin adamlara da kömək edilir. Dediyim kimi, deputatın vəzifəsi yaxşı qanun hazırlamaq və qəbul etmək, xalqın sözünü hökumətə, hökumətin də sözünü xalqa çatdırmaqdır. Qalan məsələlər isə insanlıqla əlaqədardır”.

Zaira Akifqızı
Globalinfo.az